Biznes kreditləri bankların, yoxsa sahibkarların marağında deyil?
08.11.2019 16:12 Ecoreaksiya 1079
Rəşad Həsənov: “Belə şərtlərlə biznes hazırda kredit götürməkdə o qədər də maraqlı deyil”
Azərbaycanda uzun müddətdir real sektorun əsas problemlərindən biri kimi sahibkarların banklardan biznes krediti ala bilməmələri gündəmə gətirilir. Ekspertlərin şərhinə əsasən burada obyektiv amillərlə yanaşı, bank sektorundan və sahibkarlardan asılı olan məqamlar da var. Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, Azərbaycanda bankların biznes krediti verməməsi ilə bağlı deyilənlər düzgün deyil: “Normal vəziyyəti, biznes planı olan, bir sözlə, normal müştəriyə niyə kredit verməyim ki? Bu gün banklar hər bir normal müştəri uğrunda mübarizə aparır. Bütün ölkəni gəzib normal müştəri axtarırıq. ”Banklar biznes krediti vermir" ifadəsini o adamlar deyə bilər ki, onların ödəniş qabiliyyəti - maliyyə vəziyyəti, biznes-planı yaxşı deyil. Siz belə adamlara kredit verərdinizmi?", - deyə sədr qeyd edib.
F.Hüseynov kredit faizlərinin yüksək olması barədə iddialara da cavab verib: “Kredit faizləri depozit faizlərinə bağlıdır. Amma bu gün faizlər elə də yüksək deyil. İllik 13-14%-lə, manatla biznes kreditləri götürmək mümkündür”.
İqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, bu gün biznes kreditlərinin verilməsi ilə bağl yaşanan problemin fundamental əsasları var. “Yeni Müsavat”a danışan ekspert bildirdi ki, Azərbaycanda biznes sektorunun hesabatlılığı yoxdur: “Biznesin əhəmiyyətli bir qismi gizli iqtisadiyyatın iştirakçısıdır. Dövriyyənin əhəmiyyətli hissəsi gizli iqtisadiyyatın predmetidir. Belə olan təqdirdə banklar haqlı olaraq vəziyyəti düzgün qiymətləndirmədikləri üçün riski yüksək hesab edirlər. Bu şərtlər daxilində kreditləşmə prosesinə maraq göstərmirlər. Biz 2015-ci ilə qədərki vəziyyətə baxsaq, banklar Azərbaycanda biznes kreditlərini qüara mühasibatlıq əsasında təqdim edirdilər. Ancaq hər hansı risk yaranarsa, bu zaman banklar öz tələblərini qara mühasibatlıq əsasında aidiyyatı instansiyalarda, məhkəmələrdə tələb edə bilmirdilər. Qara mühasibatlıq hüquqi olaraq tanınmır. Belə hallarda bank iddialar üzrə zərərgörmüş tərəf olur. Bu da faktiki olaraq bankların qara mühasibatlıq əsasında biznes kreditləşməsi ilə bağlı təşəbbüslərinin zəifləməsinə gətirib çıxardı. Hazırda müşahidə olunan çətinliklərdən biri bundan ibarətdir”.
R.Həsənov da vurğuladı ki, kiçik və orta sahibkarların böyük əksəriyyətinin normal biznes plan hazırlamaq imkanları yoxdur: “Bu məsələdə bank rəsmiləri ilə həmfikirəm. Düzdür, biznes plan hazırlamaq bacarıqları ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət göstərir, onlar müəyyən dəstək verə bilərlər. Ancaq təcrübə onu göstərir ki, şirkətlər bu imkanlardan yararlanmırlar”.
Ekspertin sözlərinə görə, indiki şərtlər daxilində Azərbaycanda biznes layihələrinin böyük əksəriyyəti ənənəvi biznes layihələridir: “Ənənəvi biznes layihələrində növbəti dövrlərdə mənfəətin təmin olunmaması riski çox yüksəkdir. Bu da banklar üçün o qədər cəlbedici görünmür. Bundan başqa, biznesin özünün də prosesə marağının zəif olduğu müşahidə olunur. Çünki biznes indiki şərtlər daxilində bu faizlərlə kredit götürməkdə maraqlı deyil. Haradasa 2008-2014-cü illər arasında binzesin mənfəət norması çox yüksək idi. Bu şərtlər daxilində yüksək faizlə kredit götürmək biznes üçün müəyyən qədər maraq doğura bilərdi. Ancaq indiki şərtlər daxilində biznes faizlə kreditlər cəlb etməkdə o qədər də maraqlı deyil”.
R.Həsənov onu da vurğuladı ki, banklar aşağı faizlə kreditlər təklif edə bilmirlər: “Çünki bank sektorunda rəqabət mühiti zəifdir, bu özü də faizlərə təsir göstərir. Bank portfelini formalaşdıran vəsaitlərin özü bahalı vəsaitlərdir. Əmanətlərə baxsaq, son vaxtlar manatla əmanətlərdə faizlər 10 faizə düşüb. 1 il öncə isə əmanətləri banklar 15-16 faizlə götürürdülər. Bu şərtlərlə götürülmüş əmanətləri banklar hansı faizlə kredit olaraq geri qaytarmalıdır? 2016-2017-ci illərdə inflyasiya səviyyəsi 12-13 faiz ətrafında dəyişirdi. Bankların faiz dərəcələri formalaşarkən nəzərə alınan predmetlərdən biri də məhz inflyasiya göstəricisidir. Hətta ən yaxşı halda banklar 7-8 faizlə beynəlxalq maliyyə qurumlarından təyinatlı vəsaitlər cəlb edə bildikləri halda, bunun üzərində 12-3 faiz və marjanı da gələndə bu göstərici 24-25 faizə gəlib çıxır. Belə şərtlərlə biznes hazırda kredit götürməkdə o qədər də maraqlı deyil. Burada kifayət qədər bütün tərəflərdən qaynaqlanan problemlər var. Bunun da kökündə biznes mühiti və bu günə qədər bu mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərin uğur qazana bilməməsi dayanır. Əslində biznes kreditlərinin az olmasının səbəbi real sektorun və biznesin yetərli səviyyədə olmamasıdır”.
Şərhlər