Bu məmurun Londonda 100 milyonluq əmlakı... - Zahid Oruc
05.06.2020 12:29 Ecoreaksiya 2192
İlham Əliyevin Prezident seçilməsindən sonra uzun illər ölkəmizin iqtisadi müstəqilliyini təmin etməyə çalışması, mühüm transmilli layihələr vasitəsilə beynəlxalq əlaqələrimizi və təhlükəsizliyimizi gücləndirməsi, Qarabağ müharibəsinin ağır humanitar nəticələrini aradan qaldırması və infrastruktur quruculuğunu həll etməsi danılmaz həqiqətdir.
Axar.az xəbər verir ki, bu sözləri parlamentin iclasında İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, 2015-ci ildə MTN ətrafında baş verən hadisələr sübut etdi ki, kadr siyasəti bütün iqtisadi, sosial, siyasi, hərbi-təhlükəsizlik problemlərindən daha yüksəkdə dayanır və bir nömrəli dövləti vəzifədir:
“Vaxtilə, ötən əsrin 70-ci illərində Heydər Əliyevin sistemli tədbirləri sayəsində Sovet Azərbaycanında ən güclü əmək qəhrəmanları ilə yanaşı, güclü elita, peşəkar mədəniyyət, iqtisadiyyat və idarəetmə korpusu formalaşa bilmişdi. Həmin dövlət adamlarımızın yaxşı nümunəsi indi də ekranlarda, əsərlərdə, kitablarda əks olunur və az da olsa öyrənilir. Lakin indi biz müstəqil dövlətimizin peşəkar kadrlarla bağlı az qala Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyan problemləri həll etməliyik. Əslində nə İdarəçilik Akademiyası, nə də digər universitetlər ayrıca götürülmüş halda konkret nazirliklər üçün kadr yetişdirmir. Burada vahid bir standart və tələb yoxdur”.
O qeyd edib ki, İlham Əliyev yeni elitanı formalaşdırır və bu zaman “toxunulmaz şəxs yoxdur” şüarını irəli sürür. Lakin bir-birinin ardınca nazirlər, icra hakimiyyəti rəhbərləri və digər yüksək çinli məmurların vəzifədən məhz yarıtmaz işlərinə, korrupsiya və digər qanunsuz əməllərə görə getməsi sübut edir ki, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası ətrafında hüquqi mexanizmlərin təkmilləşməsinə dərin ehtiyac duyulur ki, burada da parlamentin rolu əvəzsiz ola bilər:
“Diqqət edin, MT, Rabitə, Vergilər, Nəqliyyat və son olaraq, Mədəniyyət nazirlərinin vəzifələrdən getməsi hansı şəraitdə baş verib, səbəbləri nə olub, onda belə nümunələri biz gənclərimiz üçün təklif edə bilmirik. 5 icra hakimiyyəti başçısının rəhbəri külli miqdarda büdcə vəsaitləri və vətəndaşların haqlarını mənimsəməkdə ittiham olunur. MTN-nin sabiq nazirinin düz beş ildir ki, Britaniya ərazirlərində 100 milyonlarla funt dəyərində mülkləri və əmlakları haqda söhbət gedir. Əlbəttə, bunların hamısı Azərbaycan xalqının sərvətləri kimi qəbul olunaraq, ölkəmizə geri qaytarılmalıdır, lakin bizi daha çox kadr məsələsi narahat etməlidir. Müstəqilliyimizn yeni mərhələsində İlham Əliyev məhz yeni hakimiyyət qurur. Ölkə rəhbəri son aylar bütün komanda üzvlərinə çağırış edir ki, kim nəfsinə qalib gələ bilmirsə, onda özlərini bədbəxt etməsinlər, kənara çəkilsinlər, vəzifədən getsinlər. Elitanın səfərbərliyi üçün sərt idarəçilik şərtləri, fəaliyyət-nəticələrə görə məsuliyyət tələb edir”.
Daha sonra “Siyasi sistemin yeni konfiqurasiyası deyəndə, yalnız dövlət idarəçiliyi deyil siyasi sistemin bütün spektrindən söhbət gedir. Bu siyasi sistemin bütün sahələrində siyasi partiyalar, gənclər təşkilatlarında kadrlar yeniləşməsi gedir. Rusiya PA-da kadr siyasəti - Dövlət Qulluğu məsələləri və İdarəçilik sahəsində Kadr Ehtiyatları üzrə Komissiya yaradlıb. Bu gün-2020-ci il 1 iyun tarixi üçün ehtiyat kadrlar siyahısında 140 nəfərin adı var.
Kadr siyasətində dönüş yaranması bütün sahələrdə nailiyyətlərlə bərabər, ilk növbədə torpaqlarmızın işğaldan azad olunmasına kömək edəcək, Prezidentin fədakar və misilsiz işlərinin uguruna müsbət təsir edəcək, dövlətimizi vətəndaşın gözündə ucaldacaq”, - deyə o deyib.
Yekunda komitə sədri təklif edib ki, dövlət idarəçiliyinə kadr hazırlığının vəziyyəti ilə bağlı böyük plenar sessiya keçirilsin və orada dövlət siyasətini həyata keçirənlərlə yanaşı, universitetlər, elmi mərkəzlər və 3-cü sektor təmsilçiləri də iştirak etsin:
“Əlbəttə, ”Yüksəliş” müsabiqəsini hamı alqışlayır, lakin dövlətimizin ehtiyacı 18 nəfərdən min dəfələrlə çoxdur”.
Şərhlər