Maliyyə naziri ADB-nin illik toplantısında iştirak edəcək

16.09.2020 17:25     Ecoreaksiya     872

Sentyabrın 17-18-də video-konfrans formatında Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edəcək. 

Üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin qatılacağı İllik toplantıda  COVİD-19 pandemiyası ilə mübarizə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, daxili resursların səfərbər edilməsi ilə davamlı inkişafa nail olmaq, eləcə də Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramlar və digər məsələlər müzakirə olunacaq.

İllik toplantının ilk günündə AİB-ə üzv ölkələrin maliyyə və səhiyyə nazirlərinin xüsusi video-görüşü nəzərdə tutulub. Görüşdə Asiya və Sakit okean bölgəsində COVİD-19 xəstəliyi ilə mübarizədə ölkələrin təcrübəsi, səhiyyə sistemlərinin vəziyyəti, ümumi tibbi təminatın gücləndirilməsi vasitəsilə dayanaqlığın artırılması, pandemiya ilə mübarizənin səhiyyə və maliyyə aspektlərinə dair fikir mübadiləsi aparılacaq. 

Bu il iyunun 1-də ADB-nin təşəbbüsü ilə Prezidentiİlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən video-konfransda COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımlar müzakirə olunaraq tam şəkildə dəstəklənib.

ADB-nin illik toplantısı çərçivəsində həmçinin, Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının “Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçiriləcək. İclasda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin iştirakı nəzərdə tutulub. 

Xatırladaq ki, ADB-nin Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı 4-5 may 2020-ci il tarixlərində Cənubi Koreyanın İnçion şəhərində keçirilməli idi. Lakin İllik Toplantının COVID-19 pandemiyası ilə əlaqədar keçirilməsi mümkünsüz olmuş və iclasın iki mərhələdə - 22 may tarixində AİB-in baş qərargahının yerləşdiyi Filippinin paytaxtı Manila şəhərində qısaldılmış, cari ilin 17-18 sentyabr tarixlərində isə video-konfrans formatında isə əsas iclaslarının keçirilməsinə dair qərar qəbul edilmişdi.

1966-cı ildə yaradılan ADB-nin baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan ADB-yə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar