Ekspert: "İndi çoxları bankları dələduz hesab edir"

14.08.2015 10:51     Ecoreaksiya     2360

Banklar və müştərilər arasında yaranan mübahisəli məsələlər məhkəməyə getmədən maliyyə ombudsmanı köməyilə  həll oluna bilər. Dünən gündəmə gələn bu mövzu olduqca maraqla qarşılanıb.

Məsələ ilə bağlı reaksiya.az- a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bunun gerçəkləşdirilməsinin bir az zaman alacağını bildirib: “Əgər gerçəkləşdirilsə, işləsə əlbəttə yaxşı olar. Lakin qanunvericilik bazasının yaradılması ən az 1 il zaman tələb edəcək. Lakin həmin qanunvericilik  gözdən pərdə asmaq üçün deyil, real işlək mexanizmlərini təsbit edərək tərtib edilməlidir. Həm də mexanizm kompromiss xarakterli olmalıdır. Əks halda,  ya banklar, ya da müştəriləri ombudsmana etibar etməyəcəklər. Bu halda isə mexanizm işləməyəcək, işlər yenidən məhkəməyə düşəcək”.

Bank qanunvericiliyi bərbad gündədir

Ombudsmanın kimliyinin və cəmiyyət içərisində etibarlı olaraq tanınmağının  əhəmiyyətini vurğulayan ekspert  Əkrəm Həsənov ilk növbədə qanunvericilik bazasının təkmilləşməyinin vacib olduğunu bildirib: “Bank qanunvericiliyi bərbad gündədir, boşluqlar, ziddiyyətlər çoxdur. Bu həm banklara, həm də müştərilərə problem yaradır. Digər tərəfdən banklar daha şəffaf olmalıdırlar. Siyasətlərini, güzəşt meyarlarını açıqlamalı və bu işdə ardıcıl olmalıdırlar. Etimadı bərpa etməlidirlər. Bundan sonra kompromisə nail olmaq olar.

İndi çoxları bankları dələduz hesab edib, buna görə də imkanı olan da krediti ödəmir. Bankların ayrı-seçkilik etməsi də mənfi amildir. Hamıya bir gözlə baxmalıdırlar, güzəşt siyasətləri aydın olmalıdır.  Bu halda hətta kollektiv razılaşmalar da ola bilər. Zor və hədə-qorxu yolu ilə problemi həll etmək olmaz. Bir də ən əsas məsələ insanların maliyyə savadları artırılmalıdır”.

 

Şərhlər