Yuxarı Qarabağ işğaldan azad olunanda... - Millət vəkili
09.10.2020 10:38 Ecoreaksiya 685
Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar.
Reaksiya.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri də olacaq:
“İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Yuxarı Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonları daxildir. Ümumi sahəsi 7248 kvadrat kilometr olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir.
Polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqları ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksək turizm potensialı da var.
Ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək”.
Şərhlər