Həyat sığortası bazarında artım müşahidə olunub

15.08.2015 08:42     Ecoreaksiya     1917

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26 faizi və ya 73,7 milyon manatı həyat sığortasının payına düşüb. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatında deyilir.

Həyat sığortasındakı yığımların 57 faizi və ya 42 milyon manatı həyatın yaşam sığortasının, 31,2 faizi və ya 23 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10 faizi və ya 7,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,2 faizi və ya 916 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,6 faizi və ya 376 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2015-ci il yanvar-iyul aylarında həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 31,4 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 30 faizini təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 6,5 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 90,4 faizi və ya 28,4 milyon manatı həyatın yaşam sığortasının, 4,75 faizi və ya 1,5 milyon manatı həyatın ölüm halından sığortasının, yenə də 4,75 faizi və ya 1,5 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 0,1 faizi və ya 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 42,6 manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 7,6 manat olub.

 

Şərhlər