“Real ifadədə rəqəmlərdə artım var, amma ...”

15.08.2015 13:50     Ecoreaksiya     2734

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyuluna qədər olan müddətdə əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 %  artaraq 7,7 milyard manata çatıb.

Bu ilin fevralında manatın birdən-birə 33,5 % devalvasiya etməsindən sonra cəmiyyət içərisində belə bir fikir formalaşdırılıb ki, insanlar banklara etibar etmir, əmanətlərini geri götürürlər. Lakin statistika göstərir ki, insanlar nəinki əmanətlərini banklardan götürmür, hətta əmanət qoyuluşunda  artım da müşahidə edilib.

İqtisadçı ekspert Vüqar Bayramov reaksiya.az-a məsələ ilə bağlı münasibət bildirib: “Vətəndaşlarımız vəsaitlərini banklarda saxlamağa üstünlük verirlər. Bunun öz səbəbləri var. Əvvəla, banklar yığım vasitəsi kimi yaxşıdır. Digər tərəfdən bu, həm də gəlir mənbəyidir. Çünki banklara manatla qoyulan əmanətlər yüksək faizlə hesablanır. Banklara inam hələ də yüksəkdir. Həm Mərkəzi Bank, həm kommersiya bankları çalışmalıdırlar ki əmanətçilərin etibarını qoruyub saxlasınlar ki, vəsat cəlb edə bilsinlər”.  

Vətəndaşlar əmanətlərini geri çəkdiyi zaman bankların heç bir problem yaratmamasının da əsas məqamlardan biri olduğunu bildirən ekspert əmanətlərin miqdarının artması məsələsinə də toxunub: “Vətəndaşların bir hissəsi əmanətləri geri çəksələr də, rəqəmlərin hələ də yüksək qalmasının əsas səbəbi manatın məzənnəsinin dollara nisbətən yumşalmasıdır . Əmanətlərin miqdarındakı artım milli valyutanın kurs məzənnəsinə əsasən hesablandığına görədir.  Banklarda dollar və manatla yerləşdirilən əmanətlər də manat məzənnəsinə uyğun olaraq hesablanıb. Lakin əmanətləri xarici valyutaya çevirsək, məsələn dollar yaxud avro ilə ifadə etsək, bu gün əmanətlərin məbləğində  artımın olduğunu, təəssüf ki, söyləyə bilmərik. Hətta azalmalar var. Bəli, real ifadədə rəqəmlərdə artım var. Amma nominal ifadədə sadəcə manat ifadəsində artım var”. 

Şərhlər