"Manata etibar qalmayıb" - EKSPERT

15.08.2015 16:22     Ecoreaksiya     2769

Azərbaycanın milli valyutası manatın dövriyyəyə  buraxılmasından 23 il keçir. 1992-ci ildə fəaliyyətə başlayan manatın bu illər ərzində keçdiyi yolu iqtisadçı ekspert Samir Əliyev Reaksiya.az-a şərh edib.

İlk illərdə manat çox çətin dövrdən keçdi

23 ilin manat üçün çox çətin olduğunu bildirən Samir Əliyev xüsusilə ilk illərin daha çətin keçdiyini vurğulayıb: “Azərbaycan Sovet iqtisadiyyatından tam ayrılmamışdı və öz sistemini qura bilməmişdi. Buna görə də manat ilk dəfə çıxanda rus rubluna münasibətdə birin ona nisbətdə başladı.  Bir müddət rus rublu ilə paralel işlədi.

90-cı illərin əvvəllərində manat güclü təzyiq altında oldu, ölkədə yüksək inflyasiya var idi. Manatın güclü devalvasiyası baş verdi. Manat 5000-ə qədər  (indiki pulla 1AZN) bahalaşdı. Sonradan müəyyən müddət bir sabitlik yarandı. 2006- cı ildə denominasiya oldu. Köhnə manat birin beşə nisbətində yeni manatla əvəzləndi. Və həmin manatın dollara nisbətən olan məzənnəsi 80 qəpik olaraq qaldı.  Bir müddət manat bahalaşma müşahidə edildi”.

 Əmanətlərin 70%-i manatla qoyulurdu

 Ekspert qeyd edib ki, son  6 ayı çıxmaqla manat bu illər ərzində özünü etibarlı valyuta kimi göstərə bilib: “Manata inam o qədər artmağa başladı ki, artıq insanlar yığım vasitəsi kimi dollar və avro yox, manat saxlayırdılar. Əmanət qoyuluşunun təxminən 70%- ə qədərini manat təşkil edirdi.  Kredit qoyuluşunda da oxşar situasiya idi.  Bir sözlə, dollar dəbdən düşdü. Avtomobil bazarı, daşınmaz əmlak bazarında  manat əsas yeri tutdu. 2008-ci ildə qlobal iqtisadi böhran olduqda belə manat sabit qaldı. Bunun özü də manata etibarın artmasında  böyük rol oynadı”.

Manata etibar qalmayıb

O qeyd edib ki, manatın birdən-birə devalvasiyası insanlarda ona olan bütün etibarı itirib: “Bu ilin fevralına kimi insanlar manata tamamilə etibar edirdi. Neftin ucuzlaşması, Rusiyaya sanksiyaların tətbiq edilməsi, ətraf ölkələrdə valyutaların ucuzlaşması fonunda manat da ucuzlaşdı. Valyuta  ehtiyatlarını qorumaq məqsədilə hökümət manatın devalvasiyasına getməli oldu.

Manat dollara nisbətdə birdən-birə 33,5 % dəyərini itirdi. Ondan qabaqkı anlarda da manata narazılıq yaranmışdı və insanlar dollara üstünlük verməyə başlamışdı. Amma devalvasiyadan sonra mənzərə tamamilə dəyişdi.  İndi əmanət qoyuluşunun cəmi 30 %-i manatladır.  Açıq desək, manata etibar qalmayıb.  İqtisadiyyatda dollarlaşma prosesi gedir.  Dollarla kredit verilir, əhali isə banklara əmanətləri dollarla qoyur.

Manat çətin vəziyyətə düşüb

Manat indi belə bir çətin vəziyyətə düşdüyünü deyən iqtisadçı ekspert bunu neftin qiymətinin düşməsi ilə əlaqələndirib: “Bu gün də manatın taleyilə bağlı  müzakirələr gedir. İkinci devalvasiyanın olub olmayacağı insanları düşündürür. Lakin bu da çox normal haldır. Çünki bu günə qədər manatın arxasında neft dayanırdı. Neftin qiyməti ucuzlaşdığı üçün  manat da dəyərdən düşməyə davam edir. Nef bahalaşdıqca manat da qüdrətlənir”.

Ekspert Samir Əliyev qeyri- neft sektorunun inkişafının manat üçün əsas çıxış yolu olduğunu düşünür: “ Azəbaycanın iqtisadi gücü neftdən asılı olduğu üçün manatın da dəyəri ondadır. Çox istərdik ki, qeyri-neft sektoru inkişaf etsin. Avropa ölkələrində, Amerikada olduğu kimi qeyri-neft sektoru inkişaf edərsə, milli  valyutanın arxasında iqtisadiyyat dayanır. Neftdən asılılıq nə qədər az olsa, manata təsiri də az olar”.   

 

Şərhlər