Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
19.01.2021 13:51 Ecoreaksiya 824
Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" "Gədəbəy" müqavilə zonasının mərkəzi sahəsində "Zəfər" adlı yeni mis-qızıl yatağını kəşf edib.
Reaksiya.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bu yataq regional kəşfiyyat sahəsinin xəritələşdirməsi nəticəsində kəşf edilib.
"Anglo Asian Mining"in baş icraçı direktoru Rza Vəziri bildirib ki, şirkət yeni kəşf üçün JORC təxminlərini hazırlamaq və faydalı qazıntıların kommersiya baxımından istismarının ən yaxşı yolunu müəyyənləşdirmək üçün lazımi işləri həyata keçirir: "Yeniliklər barədə səhmdarlara xəbər verməyi səbirsizliklə gözləyirəm".
Şirkətin direktoru Stefan Vesthed isə qeyd edib ki, "Zəfər" yatağı porfir də daxil olmaqla müxtəlif dərinliklərdə üç anomaliyanı təyin edən ZTEM hava-geofizika proqramı nəticəsində ortaya çıxan yüksək prioritetli bir hədəfdir: "İlkin qazma işləri geoloji xəritələşdirmə, geofizika məlumatları və struktur geologiya ilə müəyyənləşdirilən ərazilərə yönəldilib və ümumi uzunluğu 7 675 metr olan 12 qazma çuxuru tamamlanıb. Ümumilikdə, 25 kilometrə yaxın 10 profil xətti də yerüstü induksiyalı qütbləşmə üsulu ilə tamamlanıb. Üç minerallaşma zonası təyin edilib. Quyunun ən əhəmiyyətli kəsişmə yeri 113 metr dərinlikdədir və misin konsentrasiyası orada 0,5%, qızılın isə bir tona 0,7 qram təşkil edir. Minerallaşmanın qalınlığı və tərzi porfir tipli minerallaşma ilə uyğundur".
S. Vesthed əlavə edib ki, "Gədəbəy" geoloji qrupu gələcək iqtisadi qiymətləndirmə üçün yataqları inkişaf etdirmək məqsədilə oradakı minerallaşmanın davamlılığını qiymətləndirməyə davam edir.
Şərhlər