İstehlak kreditinin həcmi 15,6 % artıb
16.08.2015 15:16 Ecoreaksiya 2419
2015-ci ilin I yarısında Azərbaycan bankları istehlak kreditinin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,6 % artırıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun aylarının yekunlarına həsr olunmuş hesabatında deyilir.
Reaksiya.az xəbər verir ki, hesabata əsasən, istehlak kreditlərinin bankların kredit qoyuluşlarının ümumi həcmində payı 38,9 % və ya 7,88 milyard manat təşkil edib.
Müqayisə üçün deyək ki, ötən ilin yanvar-iyun aylarında istehlakçı kreditlərinin payı 40,7 % və ya 6,8 milyard manat təşkil edib.
Bankların ümumi kredit portfelində xüsusi çəkisinə görə, ikinci yerdə ticarət və xidmət sahəsi 14,2 % və ya 2,89 milyard manatla, üçüncü yerdə tikinti və daşınmaz əmlak sektoru 13,8 % və ya 2,79 milyard manatla tutur.
Hesabat dövründə Azərbaycan iqtisadiyyatının real sektorunun kreditləşməsinin ümumi həcminin 10,7 % və ya 2,17 milyard manatı sənaye və istehsal sahəsinə yönəldilib.
Bu dövrdə nəqliyyat və rabitə sahəsinin payına 4,4 % və ya 894,9 milyon manat, kənd təsərrüfatı və təkrar emal sahəsinə 4,6 % və ya 937,9 milyon manat, energetika, kimya və təbii resurslara 1,4 % və ya 280,2 milyon manat düşüb.
Şərhlər