"Sədərək"də mağazalar niyə bağlanır? - ARAŞDIRMA
17.08.2015 12:18 Ecoreaksiya 2969
“Sədərək” ticarət mərkəzində bağlanan mağazaların sayı günü-gündən artmaqdadır. Geyim satılan sıralarda demək olar ki, mağazaların yarıdan çoxu öz fəaliyyətini dayandırıb. Hazırda mövsüm alverinin sürətləndiyi bir vaxtda mağazaların bağlanma səbəbləri olduqca maraqlıdır.
İlk öncə belə bir fikir formalaşır ki, mərkəzdə açılan geniş funksiyalı ticarət mərkəzləri şəhərdən kənarda yerləşən bazarları getdikcə sıradan çıxarır. Ancaq mağaza sahibləri ticarətdə heç bir problem olmadığını və mağazaların ancaq icarə haqqlarının həddən artıq yüksək olması səbəbi ilə bağlandırlarını vurğulayırlar.
Mağazaların qəfildən sürətlə bağlanması cəmiyyətdə müəyyən fikirlər formalaşdırır və bu, mərkəzdən kənarda yerləşən bazar sahiblərində narahatlıq yaradır. Artıq kifayət qədər insan düşünür ki, bu bağlanmalar şəhərin mərkəzindən kənarda yerləşən digər bazarlara da təsir edəcək və onların biznesləri çökəcək. Nəzərə alsaq ki, həmin bazarlardakı mağaza sahiblərinin əksər hissəsi bizneslərini banklardan götürülmüş kreditlər hesabına qurub və həmin şəxslərin hazırda da kreditləri mövcuddur. Bu zaman ölkədə işsizlik və kredit probleminin artacağı istisna edilmir.
Reaksiya.az məsələylə bağlı iqtisadçı alim, ekspert Vüqar Bayramlının fikirlərini öyrənib. Ekspert şəhərin mərkəzində Sədərək ticarət mərkəzinə rəqib ola biləcək hər hansı obyektin mövcud olmadığını bildirdi. “Bakıda fəaliyyət göstərən iri supermarteklərin “Sədərək” ticarət mərkəzinə təsir edə biləcəyini düşünmürəm. Çünki onlar fərqli-fərqli alıcılara işləyən supermarketlərdir, hər bazarın öz alıcı təbəqəsi var. “Sədərək”də satış qiymətlərinin aşağı olması ona deməyə imkan verir ki, “Sədərək”in rəqibi yoxdur”.
Vüqar Bayramlı “Sədərək”də mağazaların bağlanmasını isə konkret olaraq ticarətin zəifləməsi ilə əlaqələndirib: “Apardığımız müşahidələr onu göstərir ki, “Sədərək” ticarət mərkəzində mağazaların bağlanması səbəbi təkcə icarə haqqlarının yüksək olması deyil. İcarə haqları artırılmayıb, əksinə cüzi də olsa azaldılıb. Ticarətin dövriyyəsi azaldığına görə mağaza sahibləri icarə haqqlarını verməkdə çətinlik çəkirlər. Ticarətin zəifləməsinə rəğmən icarə haqqlarının azalmasında kəskin fərqlər yoxdur. Bu səbəbdən də icarə haqqlarını ödəmə qabiliyyəti aşağı düşür və ona görə də mövcud ticarət dövriyyəsi ödəniş aparmağa imkan vermir. Təbii ki, bu arzuolunan vəziyyət deyil. Mağaza sahiblərinin bir qisminin fəaliyyətlərini dayandırması birmənalı şəkildə sosial və məşğulluq baxımından problemlərin yaranmasıyla nəticələnəcək. Yay mövsümünün əvvəlində Sədərək ticarət mərkəzinə gedən marşurutların bağlanması da bazarda ticarətin zəifləməsinə ciddi təsir etdi. Hazırda da bağlanan aftobus xətti bərpa edilməyib. Bu da insanların bazara getməsini zəiflədir”.
Ekspert “Sədərək” ticarət mərkəzində yaranan problemin həlli yollarına da aydınlıq gətirib: “Bazar rəhbərliyi ticarət dövriyyəsinin aşağı olmasına görə icarə haqqlarında hiss edilən səviyyədə, ciddi güzəştlər etməlidir. Yalnız bu yolla “Sədərək” ticarət mərkəzində əvvəlki vəziyyəti bərpa etmək olar. Əgər bu isqamətdə bazar rəhbərliyi hər hansı addım atmazsa hazırkı vəziyyət daha da dərinləşəcək və mağazaların çox hissəsi fəaliyyətini dayandıracaq. Bağlanan marşurut xətləri də tez zamanda bərpa edilməlidir ki, ticarətin səviyyəsi artsın”.
Şərhlər