Monopolist məmurlar qiymət artımından bu qədər pul qazanır - Deputat açıqladı

18.11.2021 12:07     Ecoreaksiya     487

"Pandemiya səbəbli  problemlərin təsiri ilə dünya bazarında ərzağın qiymətləri sürətlə artır və son bir ildə bu artım 30 faizin üstündə olub. Həmin amilin təsiri ilə  ərzaq məhsullarını daha çox idxal edən ölkələrdə də inflyasiya sürətlənib".

Bunu "Unikal"a açıqlamasında deputat Əli Məsimli deyib. Deputat bildirib ki, bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycanda 6 faizə yaxın inflyasiya olub.

"Ərzaq mallarının qiymət artımı bundan qat-qat çoxdur. 2022-ci ilin büdcə zərfində gələn il üçün 4 faiz inflyasiya proqnozlaşdırılıb. Bu çox optimist göstəricidir. Dünya bazarında qiymət artımının, xüsusən qida məhsullarının qiymətlərinin artmasının davam edəcəyi danılmazdır. Amma məsələnin ikinci, üçüncü və dördüncü tərəfləri də var. Bir tərəfdən benzin, işıq, qaz, suyun tariflərinin artmasının katalizator rolu oynadığı bir şəraitdə ölkə iqtisadiyyatında gedən proseslərdən doğan inflyasiya nəticəsində gələn il də ölkə daxilində istehsal olunan məhsulların qiyməti artacaq. Digər tərəfdən ölkə daxilində istehsal olunsa da, xammalı xaricdən gətirilən malların qiymətində artım olacaq. Bütün bunlardan əlavə daha çox məmur sahibkarlığının törəməsi olan monopoliyanın törətdiyi əlavə qiymət artımı bundan da çox olacaq".

Milli Məclisin üzvü qeyd edib ki, qiymətlərin süni surətdə artırılmasının 5 faizinə görə əhali ildə 2 milyard manat ziyana düşür. 

"Bu rəqəmin nə qədər böyük olduğunu təsəvvür etmək üçün müqayisə edək. Dünya bazarında neftin qiymətinin 5 dollar artımı Azərbaycanın icmal büdcəsinə 1,5 milyard manat gəlir gətirə bilir ki, bu da məmur sahibkarlığının törəməsi olan monopolistlərin süni qiymət artımı hesabına xalqı soyduqlarından 500 milyon manat azdır. Məmur sahibkarlığının monopolist hissəsinin hər il süni qiymət artmından orta hesabla götürdüyü qazanc bu ilin və gələn ilin büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait qədərdir və ya gələn il əmək haqqı, pensiya, digər ödənişlərin artırılması üçün nəzərdə tutulan vəsaitdən 43 faiz çoxdur".

"2022-ci ilin büdcə zərfinin ən böyük suallarından biri budur ki, müstəqillik tariximizin ən böyük büdcəsindən 44 günlük Vətən müharibəsindən qalib çıxmış xalq daha çox faydalanacaq, yoxsa monopolist məmur zümrəsi? Ona görə süni qiymət artımının qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməlidir ki, gələn il yanvarın 1-dən əmək haqqı, pensiya, müavinət və digər ödənişlər üçün nəzərdə tutulan 1,4 milyard manatın çox hissəsi məmur sahibkarlığının törəməsi olan monopolistlərin yaratdıqları əlavə inflyasiyanın yeminə çevrilməsin", - deyə Ə.Məsimli əlavə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar