Ölkənin 20 faizindəki ekoloji fəlakət

17.12.2021 11:22     Ecoreaksiya     457

Təəssüf ki, bu istiqamətdə dövlət qurumları müəyyən işlər görsələr də, digər qurumlar susqunluq göstərir

Azərbaycan hökuməti hazırda postmüharibə dövrünün problemlərinin həlli, münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində bir sıra vacib addımlar atır. Lakin bununla paralel olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ekoloji vəziyyəti çox acınacaqlıdır.

Musavat.com xəbər verir ki, istər torpaqların mina və partlamamış zərərli silah-sursatla çirkləndirilməsi, istər su hövzələrinin, çayların təhlükəli tullantılarla çirkləndirilməsi Azərbaycan ərazisinin 20 faizinin ekoloji fəlakət həddində olması deməkdir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Horadiz - Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində partlayıcı qurğulardan təmizləmə işləri davam edir. Qeyd olunan avtomobil yolu Zəngəzur dəhlizi adlanan layihənin bir hissəsidir. ANAMA-dan  bildirilib ki, avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bildirək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır. Horadiz - Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb. Sifarişə əsasən avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.

Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Müdafiə Nazirliyi tərəfindən qeyd olunmuş layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib.

Azərbaycan həm bu ekoloji fəlakətə görə cinayətkarları cəzalandırmaq, həm də bu durumun aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətdən dəstək almaq  üçün addımlar atmalıdır. Təəssüf ki, bu istiqamətdə dövlət qurumları müəyyən işlər görsələr də, geniş ictimaiyyət, vətəndaş cəmiyyəti, parlament və digərləri susqunluq göstərir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki,  ekologiya sahəsində Azərbaycanın əlində Ermənistanın bu sahədə törətdiyi cinayətləri ifşa etmək üçün böyük imkanlar var: “Hətta biz buna gecikirik. Müəyyən məsələlərlə bağlı sənədlər hazırlanıb və beynəlxalq təşkilatlara təqdim olunub. Amma bu proses daha əhatəli şəkildə təşkil edilməli idi. Torpaqlarımızın minalarla çirkləndirilməsi və təhlükə zolağına çevrilməsi özü bir ekoloji fəlakətdir. Çünki bölgədə insan ayağı dəyməsi mümkün olmayan xeyli yerlər var. Digər tərəfdən, çayların və göllərin müəyyən təhlükəli, radioaktiv materiallarla çirkləndirilməsi böyük problemlər yaradır. Bu istiqamətdə Azərbaycan qabaqlayıcı addımları bütün hallarda atmalıdır. Çünki Azərbaycanın Ermənistana qarşı, konkret onun ərazisində etdiyi hansısa bir proses yoxdur. Bütün məsələləri Ermənistan Azərbaycanda törədib, böyük bir ekoloji fəlakət zonası yaradıb. İndiyə qədər Azərbaycan bunun təmizlənməsində çətinlik çəkir. Ona görə də bu istiqamətdə Azərbaycana dəstək verilməsi üçün çağırışlar artmalıdır. Bu, dövlət səviyyəsində, ictimai təşkilatlar səviyyəsində, beynəlxalq arenada dilə gətirilməlidir. Hesab edirəm ki, bunun da müəyyən dərəcədə nəticəsi olar. Çünki bu, siyasi çağırışlar deyil, konkret fakta dayanan və çirklənmənin dəqiq səviyyəsini, ərazisini göstərən sənədlər əsasında təqdim olunacaq. Bunu yoxlamaq elə çətin deyil. Faktaraşdırma missiyası qısa müddətdə bunu özü də yoxlayıb, qəbul eliyə bilər. Ona görə də biz bu istiqamətdə beynəlxalq təşkilatlar qarşısında həyəcan təbili çalmalıyıq”.

Deputat təəssüflə bildirdi ki, bu istiqamətdə QHT-lərimizin rolunu stimullaşdıra bilmirik: “Onları bir az canlandırmalıyıq. Onlara imkan yaratmalıyıq, daha çox dövlət dəstəyi verməliyik ki, onlar ekoloji məsələləri daha çox dünya arenasında Azərbaycanın maraqlarına uyğun qaldıra bilsinlər, çağırışlar edə bilsinlər. Müəyyən prosesləri də bu istiqamətdə irəli apara bilsinlər. Bu bizim üçün vacib sahədir. Bütövlükdə Ermənistanda ”Metsamor" AES guya  Avropa Birliyinin təhlükəsiz olması ilə bağlı rəyi əsasında fəaliyyət göstərir. Bu rəy olsa belə həmin stansiya özü də böyük bir təhlükədir. Bununla bağlı da biz bölgənin nə qədər risk altında olduğunu göstərən bəyanatları, çağırışları təkrarlamalıyıq. Bu məsələni bir an da boş buraxmaq olmaz. Bununla biz həm də müəyyən dərəcədə beynəlxalq arenada Ermənistana qarşı qabaqlayıcı addımlar atmaqla  siyasi mövqeyimizi gücləndirmiş oluruq".

Deputat Naqif Həmzəyev də vurğuladı ki, Ermənistan  faktiki olaraq Azərbaycan torpaqlarında  ekoloji genosid həyata keçirib: “Faktiki olaraq bizim flora və faunamıza çox böyük ziyan dəyib. Oradakı yataqlarımız qanunsuz olaraq işlənilib, faydalı qazıntılar istismar olunub. Ən böyük ziyan isə çox təəssüflər olsun ki, ərazilərin minalarla çirkləndirilməsi olub. Bir il keçməsinə baxmayaraq, çox az ərazi minadan təmizləndi. Çünki  minadan təmizləmə işi çox böyük zaman və vəsait tələb edən bir işdir. Azərbaycan dövləti bu işi həyata keçirir, ancaq tamamilə bütün ərazilərin təmizlənməsi zaman alır. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim edilməsi prosesini yubadır.  Mərhələli şəkildə biz bu xəritələri əldə etdik, ancaq sonradan məlum oldu ki, xəritələrin dəqiqliyi 25  faizdir. Son olaraq verilən xəritələrin isə dəqiqlik məsələsi araşdırılır. Dəqiqlik faizi yüksək olarsa, minalardan təmizləmə işləri daha rahat həyata keçirilə bilər. Ancaq biz buna əmin olmamalıyıq. Çünki sürpriz minalar da  yerləşdiriblər. Bu ərazilərin kənd təsərrüfatına qazandırılması və burada əkinçilik və digər təsərrüfat işləri ilə məşğul olmaq üçün mütləq ərazilər minadan tamamilə təmizlənməlidir. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları tərəfindən ərazilərin minalardan təmizlənməsi işinin təşkilinə müəyyən yardım edilir. Bununla yanaşı, İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər zamanı da mina məsələsini xüsusilə vurğuladı və Avropa İttifaqı da bu məsələdə Azərbaycana dəstək olmağa hazır olduğunu bildirib. Ancaq yaxın dövrdə konkret detallar məlum olacaq”.

Şərhlər