Şəffaf iqtisadiyyat: Azərbaycanda elektron ticarətin inkişafı nələrdən aslıdır?

29.12.2021 12:39     Ecoreaksiya     736

Vüqar Oruc: "Azərbaycanda bu sahədə stimullaşdırıcı addımlar yetərli deyil"

Son illər Azərbaycanda rəqəmsal ödənişlərin artırılması ilə nağdsız cəmiyyətə keçid sürətlənib.Pandemiya dövründə  biz nağdsız ödənişlərin miqdarının xeyli artdığının şahidi olduq   Ekspertlər hesab edir ki, qara iqtisadiyyatın qarşısının alınması üçün elektron alış-verişi inkişaf etdirmək şərtdir. Nağdsız ödənişlərin genişləndirilməsi üçün dövlət orqanları və bank sistemi tərəfindən müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilməkdədir.

Maraqlıdır, bundan sonra nağdsız ödənişlərin miqyasını daha böyütmək üçün nə etməliyik?

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Editor.az-a bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitunun direktoru Nazim İmanovun təbirincə desək, Azərbaycan xalqının çoxəsrlik fikrində belə bir məqam var ki, “kişinin pulu göz önündə olar” :

“Bu baxımdan Azərbaycan əhalisini elektron hesablaşmalara və ödənişlərin qeyri-nağd yolla aparılmasına tam alışdırmaq problemlidir. Lakin buna baxmayaraq bu proses başlayıb. Artıq bank kartları vasitəsilə elektron ödənişlərin həyata keçirilməsi mümkündür. İri supermarketlərdə əhalinin böyük əksəriyyətinin məhz nağdsız ödəmələrə üstünlük verdiyini biz görürük. Hərkəsə maraqlı olan sual odur ki, necə etmək lazımdır ki, nağdsız ödənişlər daha geniş tətbiq olunsun və nağdsız hesablaşmalar dominantlıq təşkil etsin?Nağdsız ödəmələrin ölkə iqtisadiyyatına çox böyük müsbət təsirləri var. Çünki real pul kütləsi ortada olmadıqda bu ölkə iqtisadiyyatının tənzimlənməsində, o cümlədən pul-kredit siyasətinin düzgün idarə olunmasında müstəsna əhəmiyyətə malik məsələyə çevrilir. Eyni zamanda, iqtisadi təhlükəsizlik məsələsi baxımından da valyutanın stabilliyini qorumaq daha asanlaşır. Elektron ödəmə vətəndaşlar üçün ödəniş, alış- veriş proseslərini asanlaşdırmış olur.  Müxtəlif dövrlərdə dövlət büdcəsində real pul qıtlığı yaranma ehtimalının aradan qaldırılmasında da ödənişlərin böyük əksəriyyətinin nağdsız yolla həyata keçirilməsi mühüm rol oynayır. Ona görə də ölkələrin iqtisadi struktur və qurumları nağdsız ödənişlərə daha çox üstünlük verir və dövlət qurumları birmənalı olaraq nağdsız ödənişlər həyata keçirirlər. O cümlədən, ayrı-ayrı şirkətlər və vətəndaşlar da stimullaşdırılır ki, öz əməliyyatlarını nağdsız yolla etsin. Xalqımızın etikasında “kişinin var- dövləti göz qabağında olar” prinsipi olsa da eyni millət olduğumuza görə qonşu ölkə Türkiyəyə nəzər yetirməliyik. Türkiyə də eyni xalqdır və köklərimiz birdir. Buna baxmayaraq Türkiyə cəmiyyəti birmənalı şəkildə nağdsız ödənişlərin tərəfdarıdır və bu, Türkiyədə daha çox inkişaf edib”.

Vüqar Oruc hesab edir ki, Azərbaycanda bu sahədə  stimullaşdırıcı addımlar yetərli deyil:

” Məsələn, bir çox banklar ödənişləri müxtəlif dövrlərə bölməklə hissə-hissə ödənilməsini təmin edərək ödənişlərin nağdsız edilməsini mümkünləşdirən kartlar istehsal edirlər. Bu kartlar hal-hazırda cəmiyyətdə çox dəbdədir və bundan istifadə edənlərin sayı günü-gündən artır. Amma bu kartlardan istifadə hüququn verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər var.  Məncə bu məhdudiyyətlər aradan qaldırılmalıdır. Hər bir vətəndaş üçün belə kartlardan istifadə əlçatan olmalıdır ki, rahat şəkildə kartla onlayn şəkildə alış-veriş etsin. Digər tərəfdən kartlarla alış-veriş etdikdə stimullaşdırıcı təkliflər olmalıdır. Məsələn, bonuslar mexanizmi, müəyyən sürpriz gəlirlik əməliyyatları.. Bu tipli stimullaşdırıcı tədbirlər həyata keçirməklə daha çox kartdan istifadəni artırmaq olar. Bir problem isə rəqəmsal elektron ödənişlərin həyata keçirilməsi zamanı təhlükəsizlikdən qaynaqlanır. Bu gün Azərbaycanda istifadəçilərin sayı artığı halda bu problem daha çox üzə çıxır. Yəni, əgər pul nağd olursa, ödəniş zamanı pulumuzu yalnız oğrular vasitəsilə itirə bilərik, amma elektron ödənişləri həyata keçirdikdə bunu elektron oğrular vasitəsilə itirmiş oluruq. Təhlükəsizlik tədbirləri də müvafiq strukturlar tərəfindən təmin edilməlidir ki, insanlar maksimum dərəcədə elektron, nağdsız ödənişlərə üstünlük verməyə hazır olsunlar. Nağdsız ödənişlərin dövlət və cəmiyyət üçün nə qədər xeyirli olduğunu barədə maarifləndirmə işi aparılmalı,  bununla paralel stimullaşdırıcı təkliflər olmalıdır ki, insanlar məhz nağdsız ödənişə üstünlük versinlər. Ancaq bəzən yerli vəziyyətdən aslı olaraq ortaya müəyyən problemlər çıxır. Məsələn, hər bir vətəndaş üçün hiper və supermarketlərdə alış-veriş etmək əl çatan deyil. Bəzi insanlar daha çox üstünlük verirlər ki, yaşadıqları əraziyə daha yaxında olan  kiçik marketlərə müraciət etsinlər. Bu zaman həmin marketlər də bu və ya digər səbəblərdən elektron ödəniş vasitələrindan, post  terminallardan istifadə etmirlər. Ona görə də vətəndaşlar məcbur olur ki, nağd ödənişə keçsin. Eyni zamanda,  nəzərə almaq lazımdır ki, əhalinin çox hissəsi kartla maaş almır. Ona görə də bu da bir məhdudiyyət yaradır . Bu iki amil sırf yerli problemlə əlaqədardır.  Biz hələ də işə götürən sahibkarlara aşılıya bilməmişik ki, hər şey rəsmi olmalıdır, maaşlar kartla ödənilməlidir. Hər bir işçinin kartı olmalıdır. Problem kompleks şəkildə həll edilməlidir. Əgər biz nağdsız ödənişlərə keçiriksə, heç bir istiqamətdə boşluq qalmamalıdır. Maaşlar kartla verilməli, bütün mağazalarda məcburi kartla ödəniş vasitələri tətbiq olunmalıdır ki, nağdsız yolla hesablaşmalar mümkün olsun”.

İqtisadçı ekspertin sözlərinə görə, ölkədə nağdsız ödənişlərlə bağlı maarifləndirmə işi yüksək səviyyədə aparılmadığı üçün maaşı kartla alan şəxs dərhal  onu nağdlaşdırır:

“Cəmiyyətdə maarrifləndirmə aparılmalıdır ki, maaş kartdadırsa bu, daha təhlükəsizdir. Vətəndaş üçün şərait yaradılmalıdır ki, kartdan istənilən istiqamətdə ödəniş edə bilsin. Eyni zamanda, onun nağdsız məbləği daha səmərəli və təhlükəsizdir. Məlum məsələdir ki, mağazadan alış-veriş etdikdə qalıq 1-3 qəpiyi çox insan götürmür. Amma kartda belə bir şey yoxdur. Ödənişlər tam ədalətli şəkildə həyata keçirilir. Bunlar vətəndaşın ümumiyyətlə itkiyə uğramamasına gətirib çıxarır. Nağdsız alış-verişin pandemiya dövründə də yararlılığının şahidi olduq. İnsanlar mağazalar getmədən qapıda ödəmə edərək  çölə çıxmamaqla öz sağlamlığının daha çox qeydinə qaldı”.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, elektron ticarətin inkişafı, nağdsız ödənişlərin genişləndirilməsi şəffaf iqtisadiyyatın yaranmasına gətirib çıxarır:

” Şəffaf iqtisadiyyata, vergi ödənişlərinin  vaxtı-vaxtında yerinə yetiriməsinə nail olmaq üçün inzibati metodlarla məqsədə çatmaq müşkül məsələdir. Ümumiyyətlə, iqtisadi təcrübə onu təsdiq edir ki, inzibati vasitələrlə, yollarla iqtisadiyyatda şəffaflığa nail olmaq olduqca çətin, hətta qeyri-müşkül məsələdir. Ona görə ki, harada inzibati metodlardan istifadə olunarsa, həmin sahədə əks effektə nail olmaq mümkündür. Ona görə də stimullaşdırıcı tədbirlər istənilən məqsədə çatmaqda ən mütərəqqi metoddur. İqtisadiyyatda da şəffaflığın, vergi ödənişlərin vaxtı-vaxtında və dəqiq yerinə yetirilməsində istənilən məqsədə nail olmaq üçün stimullaşdırıcı amillərdən istifadə olunması daha  yaxşı effekt verir. Son illər ərzində elektron ticarət sahəsində həm dünyada, həm də Azərbaycanda xeyli irəliləyişlər əldə olunub. Pandemiyaya qədər Azərbaycanda hökumət nağdsız ödəniş sahəsində həm qanunvericilikdə, həm təbliğat və təşviqat sahəsində nə qədər böyük işlər aparsa da bu, elə də effekt vermirdi. Koronavirusla bağlı yaranan pandemiya birdən-birə bu sahədə xeyli irəliləyişlərin əldə olunmasına gətirib çıxartdı. Nə qədər qəribə səslənsə də pandemiyanın verdiyi ziyanlarla bərabər müəyyən müsbət tərəfləri də oldu. Onlardan biri məhz iqtisadi sahədə nağdsız ödənişlərə əhalinin meyillənməsi və təmassız ticarət, plastik kartlardan istifadə etməklə həyata keçirilən pul köçürmələri pandemiyada daha geniş inkişaf etdi. Bu koronavirusun dünyaya verdiyi ən mühüm xeyirlərdən biri oldu. Nəticədə nağdsız ödənişlər sahəsindəki bu günkü vəziyyət müsbət qiymətləndirilməlidir. Yəni, artıq əhali bir vaxtlar dövlət tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq  əvvəlki illərdən fərqli olaraq indi daha çox pulları plastik kartlarda saxlamağa çalışırlar. Alış-verişdə postterminal vasitəsilə ödənişlərə daha çox meyl göstərilir, pul köçürmələrində nağdsız ödəniş vasitələrindən istifadəyə də maraq artıb. Bu çox müsbət haldır. Lakin elektron ticarətin inkişafının təmin olunması üçün dövlət tərəfinden xeyli işlər görülməlidir”.

Ekspertin sözlərinə görə növbəti il nağdsız ödənişlərlə bağlı qanunvericilikdə dəyişikliklər olunacaq:

“Məsələn, parakəndə satış şəbəkəsində müəyyən limitdən artıq məhsul əldə edildikdə ödəniş zamanı nağdsız ödənişlərin qanuni olaraq məcburi xarakter daşayacağı növbəti ildə qanunvericilikdə təspit olunacaq. Hansı ki, bunun ölkədə nağdsız ödənişlərin genişlənməsi sahəsində çox böyük səmərəsi olacaq. Məsələn, böyük məbləğdə ödəmələrin böyük hissəsinin qeyri-nağd yolla həyata keçirilməsi iqtisadiyyatda şəffaflığın təmin olunması baxımından daha mütərəqqi bir addımdır. Belə məsələlərin qanunvericilikdə öz təspitini tapması yaxın gələcəkdə ölkədə nağdsız ödənişlərin genişləndirilməsinə daha böyük təkan verəcək. Dövlətimiz indiyə qədər bu sahədə maarifləndirmə ilə bağlı çox işlər görüb. Lakin əhalinin nağdsız ödənişlərə meyil etməsində pandemiya bundan daha çox effekt verdi.  Əvvəlki illərdə bizə etdiyimiz ödənişlərlə bağlı çek təqdim olunanda qəbul etmirdik və lazımsız hesab edirdik. Halbuki Avropada, inkişaf etmiş ölkələrdə çekin tələb olunması xüsusi bir mədəniyyət nümunəsi sayılır. Bizdə isə əksinə idi, bu,  çek tələb etmək qəbahət sayılırdı. Amma hal-hazırda əlavə dəyər vergisinin geri qaytarılmasından sonra cəmiyyətimizdə uşaqdan tutmuş böyüyə qədər hər kəs çek tələb edir. Vətəndaşlar mağazalara daxil olanda əvvəlkindən daha çox postterminal vasitəsilə ödənişlərə meyl edirlər, çünki orada ƏDV-nin də geri qaytarılmasında müəyyən fərq var. Bu cür metodlarla, böyük məbləğdə nağd ödənişlərin qadağan edilməsi yolu ilə nağdsız ödənişlərin miqyasını artıra bilərik. Bunun yaxın gələcəkdə iqtisadiyyatın şəffaflanmasında, vergi ödənişlərinin düzgün həyata keçirilməsində əyani effektini görmüş olacağıq. Bu zaman həm vətəndaş, həm dövlət, həm də sahibkar qazanır.  Ona görə də  elektron ticarətin inkişafı durmadan xüsusi diqqət tələb edir. Nağdsız ödənişlərin genişlənməsi, eyni zamanda kölgə iqtisadiyyatının azalmasına təsir göstərir, büdcəyə sahibkar tərəfindən ödənişlərin düzgün vaxtı- vaxtında həyata keçirilməsini təmin edir .Bu sahədə dövlət tərəfindən həyata keçirilən siyasət daha geniş xarakter daşımalı və yeni-yeni müvafiq mexanizmlər hazırlanmalıdır. Yaxın gələcəkdə ödənişlərin tam şəkildə nağdsızlaşması üçün ölkəmizdə lazımi infrastruktur var”.

İqtisadçı ekspert Elşən Bağırzadə isə qeyd edib ki,  Azərbaycanda elektron ticarətin inkişafı üçün ilk növbətə elektron ticarət infrastrukturunun formalaşdırılmasına ehtiyac var:

“Təəssüf ki, bu sahədə ölkədəki vəziyyət o qədər də ürəkaçan deyildir. Bunun üçün ilk növbədə, inkişaf etmiş elektron ticarət platformalarının və karqo sistemlərinin mövcudluğu tələb olunur. Hazırda bu sahədə nə inkişaf etmiş ortaq, nə də fərdi platformalar mövcuddur. Ən çox istifadə etdiyimiz market şəbəkələrinin belə ya elektron ticarət platformaları mövcud deyil, ya da işlək halda deyil. Nəzərə almaq lazımdır ki, elektron ticarət təkcə Bakını, böyük şəhərləri deyil, hər kəndi, hər qəsəbəni əhatə edəcək səviyyədə olmalıdır. Hazırda Azərbaycanlılar elektron ticarətdən daha çox ölkəyə mal idxal etmək üçün istifadə edirlər, ancaq daxili ticarətdə bu yetərsiz səviyyədədir. Daxili ticarətdə daha çox “instagram” üzərindən qeyri-rəsmi ticarət dövriyyəsinin mövcudluğundan danışmaq olar. Hesab edirəm ki, ölkədə elektron ticarətin inkişafı ilə bağlı müvafiq dövlət konsepsiyası və proqramının qəbul edilib, icrasına ehtiyac vardır. Bu sahədə özəl sektorun, dövlətin və ev təsərrüfatlarının üzərinə düşən işlər vardır. Bunu da bir proqram çərçivəsində həyata keçirmək lazımdır. Şübhəsiz ki, yaxşı formalaşdırılmış elektron ticarət sistemi ölkədə qeyri-rəsmi iqtisadiyyatın qarşısını almaq üçün də təsirli bir vasitəyə çevrilə bilər. Ancaq bütövlükdə qeyri-rəsmi iqtisadiyyatın mümkün qədər azaldırlması, nağdsız ödənişlərin isə mümkün qədər artırılması üçün daha çox kompleks yanaşma tələb olunur. Ölkədə bazar sübyektləri üçün qeyri-rəsmi sektorun cəlbediciliyini azaltmaq, rəsmi sektorun isə cəlbediciliyini artırmaq üçün mütəmadi olaraq işlər görülməlidir. Rəsmi sektorun cəlbediciliyi necə artırılır?Birincisi, bazar subyektləri üçün rəsmi öhdəlik yükünü yüngül tutumaqla və ya mümkün qədər azaltmaqla, ikincisi isə rəsmi infrastrukturu mümkün qədər gücləndirməklə. Qeyri-rəsmi sektorun cəlbediciliyini aşağı salmaq üçünsə daimi olaraq bu sektorda cəzaları və aşkarlanma ehtimalını gücləndirəcək tədbirlər görülməlidir. Bütün bunlarla yanaşı, onu da nəzərə almaq lazımdır ki, aztəminatlı təbəqənin payının yüksək olduğu ölkələrdə qeyri-rəsmi iqtisadi fəaliyyətləri məhdudlaşdırmaq da çətin olur. Çünkü bu təbəqə üçün ticarətdə əsas prioritet ucuzluq olduğundan satınalmalarında da vergidən və digər rəsmi öhdəliklərdən yayınaraq ucuz mal təklif edən  bazar subyektlərinə üstünlük verirlər. Bu sahədəki qlobal tədqiqatlara da baxsanız, görərsiniz ki, orta və aşağı gəlirli ölkələrdə qeyri-rəsmi sektor ÜDM-nin ən azı 40%-i təşkil edir”.

Şərhlər