Rublun düşməsi Azərbaycan məzənnəsinə təsir edəcək
20.08.2015 16:49 Ecoreaksiya 2524
Son zamanlar dünyda bir neçə ölkənin valyutasının sürətlə devalvasiya etməsi hər kəsi narahat edir. Çin yuanı, Rusiya rublu, Qazaxıstan tengesi, Qırğızıstan somu sürətlə dəyərini itirməkdədir. Xüsusilə rublun dəyərdən düşməsi nəticəsində, Rusiyadan ölkəmizə göndərilən pulların azalması insanların iqtisadi çətinliklərlə üzləşməsinə səbəb olur.
Rublun sürətlə aşağı düşməsini neftin qiymətinin ucuzlaşması ilə əlaqələndirən iqtisadçı ekspert Əli Məsimli Reaksiya.az-a açıqlamasında rublun daha da çox ucuzlaşa biləcəyini deyib: “Son vaxtlar neftin qiyməti aşağı düşməkədə davam edərək 40 dollara yaxınlaşmağa başlayıb. Bununla yanaşı, 1 dollar 60 rubldan da aşağı enib. Neftin qiymətinin belə kəskin şəkildə aşağı düşməsi davam edərsə, rus rublunun məzənnəsi yenidən dəyişə bilər. Bu isə 1 dolların 70 rubldan da baha olmasına şərait yaradacaq”.
Ekspert qeyd edib ki, bu hal dolayısıyla manatın məzənnəsinə də təsir göstərəcək: “Ona görə ki, hazırkı reallıqlar şəraitində manatın məzənnəsinə daha çox dünya bazarında neftin qiymətinin aşağı düşməsi təsir edir. Bundan başqa qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi, ölkədən pul vəsaiti, kapital çıxarılmasının həcminin artması və rus rublundakı dəyişikliklərdə önəmli faktorlardır. Rus rublunun məzənnəsinin aşağı düşməsi həm manata təzyiqi artıra, həm Rusiyada yaşayan azərbaycanlıların öz ailələrinə göndərdikləri pulun azalmasına gətirə bilər. Həmçinin, Rusiya mallarının Azərbaycana axının artmasına gətirib çıxara bilər”.
Şərhlər