İsrail Iranı vuracaq - İsrailin müttəfiqi "hə" dedi
28.02.2023 14:38 Ecoreaksiya 431
Qərbdə Pəhləvi propaqandası genişlənir. Bu həm də Qərbin İranda baş verən proseslərə münasibətinin göstəricisidir. Qərbdə ciddi fars sevdalıları var. Bu sadəcə farslara aid deyil, elə qərb cəbhəsində təmsil olunan avropalılara da aiddir. Onlar İranın sıradan çıxmasında maraqlı deyil. Bunlara eyni zamanda hətta ABŞ prezident administrasiyasında təmsil olunan kəsləri də aid etmək olar. Yəni farslar həm də qərbdə olduqca güclüdür.
53-cü Münhen Təhlükəsizlik Konfransında İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin də dəvət olunması haqlı suallar da ortaya çıxarıb. Təsəvvür edin ki, Reza Pəhləvi açıqlamasında taleyüklü məsələlərə toxunmadan "su məsələlərindən" bəhs edirdi. Əvvəla bir məsələdə ortaq məxrəcə gəlmək lazımdır ki, Reza Pəhləvinin İranda sosial bazası olduqca məhduddur. Bunu bu cür də ifadə etmək olar ki, insanlar bunlardan o qədər bezmişdi ki, hətta mollaları hakimiyyətə gətirməyə belə razı oldular. Yəni yenidən Pəhləvilərin hakimiyyətə gəlməsi real görünmür.
Bəs bu dəvət və bundan öncə də Pəhləvinin konfrans keçirməsi nədən xəbər verir? Bu həm də onun göstəricisidir ki, Qərb Güney Azərbaycan məsələsinə isti yanaşmır. Daha dəqiq desək bölgədə ikinci türk dövlətinin yaranmasında maraqlı deyil. Lakin bu bizim üçün az əhəmiyyətlidir. Biz öz istiqlaliyyətimiz uğrunda mübarizə aparmalıyıq, dilemma qarşısında qoymalıyıq.
Aydındır ki, mövcud molla rejimi dünyaya ciddi təhdiddir. Bu məsələ xüsusilə Rusiya Ukrayna savaşında özünü daha qabarıq şəkildə büruzə verdi. Dünyanın əksər ölkələrinin, böyük güclərinin Rusiyaya qarşı cəbhə aldığı bir zamanda İran Rusiyaya silah yardımı etdi. Doğrudur, İranın vermiş olduğu PUA-lar Qərb silahları qarşısında acizdir, lakin istənilən halda proseslərdə açıq şəkildə qarşı-qarşıya qaldı. Bugünkü molla rejimi həm də Qərbin "ok" ilə hakimiyyətə gəlsə də artıq oyun qaydalarını pozur. Daha dəqiq desək o zamanlar Parisdə sürgündə olan Əli Xomeyni prezident Karter ilə sövdələşməsi zamanı ona bu vədi verirdi "İran hərbçiləri siz deyənə qulaq asırlar, İran xalqı mənim əmrlərimə əməl edir". Lakin hakimiyyətə gəldikdən sonra tamamilə fərqli siyasət yürütməyə başladı. Ancaq bu heç də o demək deyil ki, əlaqələr yoxdur. Bir detalı da diqqətinizə çatdırım ki, 2000-lərin əvvəlində İraqa hücum edən ABŞ bununla İranın təsir imkanını daha da artırmış oldu. Bundan ən qazanclı tərəf məhz İran çıxdı. Həmin İran ki, bu gün ona bağlı olan terror qruplaşmaları İraqda at oynadır, neft kəmərlərinə nəzarət edirlər, təhdid törədirlər.
İranla bağlı hər kəs Qərbdəki kimi düşünmür. Əsas məsələ də elə budur. Perspektivdə İran-İsrail savaşı görünür. İsraildə rəhbərliyə gələn Netanyahu mühafizəkar kəsmi təmsil edir. Hər kəs bilir ki, Benjamin Netanyahu (Bibi) İrana qarşı sərt mövqe sərgiləyən şəxsdir. İstisna deyil ki, yaxın zamanda İsrailin İranı vurmasını da müşahidə edə bilərik. Bunu şərtləndirən ciddi səbəblər də mövcuddur. İddialara görə İran nüvə silahı əldə etməyə çox yaxındır. Əgər bu baş verərsə bu nəinki bölgənin, dünyanın sonunu gətirə bilər. Çünki belə bir şey baş verərsə region ölkələri də tez bir zamanda nüvə silahı əldə etməyə çalışacaq. İsrailin kəşfiyyat məlumatları da bu iddianı gücləndirir ki, həqiqətən də İran bunun üçün çox çalışır. İsrail isə öz növbəsində buna heç bir halda imkan verməyəcəklərini bildirirlər. Yaxın günlərdə İsrail tərəfi Fələstinlə də münasibətləri səhmana salmaqla məşğuldur. Bu isə bölgədə sabitliyin yaranması üçün lazımdır. Belə görünür ki, TelAviv sadəcə Tehrana fokuslanıb. Burda həm də bir sual öz aktuallığını artırmış olur ki, Birləşmiş Ştatlar bu məsələyə necə baxır? İsrailin müttəfiqi aydındır ki, İranın vurulmasına "hə" demişdi. Bəs indi necə, yenə hə deyəcəkmi? ABŞ bunda indiki məqamda maraqlı olmaya bilər, lakin əgər İsrail başlayacaqsa birmənalı İsraili dəstəkləyəcək. İsrail isə bu dəfə Birləşmiş Ştatların cavabını gözləməyəcək.
Rusif Məmmədsoy
Şərhlər