"Rublunun devalvasiyası satışa təsir edə bilər"

22.08.2015 15:20     Ecoreaksiya     2013

Xəbər verildiyi kimi, Qubada kütləvi formada olmasa belə alma yığımına artıq start verilib.

Alma sevənlər və alma ticarəti ilə məşğul olanlar üçün bu kifayət qədər şad xəbər olsa da, Quba fermerləri bir o qədər də sevinmirlər. Təssüf doğuran bir məqam var ki, bağ sahibləri çədikləri xərci götürə bilməyəcəklərindən gileylənirlər. Yığımdan sonra satış çox zəif olacağı fermerləri indidən narahat edir.

Reaksiya.az məsələ ilə bağlı millət vəkili Vahid Əhmədovun münasibətini öyrənib. Millət vəkili satışın aşağı olmasını Rusiyadakı devalvasiya ilə əlaqələndirib:“Quba fermerlərinin xeyirdən çox ziyana işləməsini demək olmaz. Ümumiyyətlə bu problem Azərbaycanın müstəqillliyindən sonra həmişə mövcud olub. Satışla bağlı yaranmış  problem ümumiyyətlə bu zonada Qusarda da, Xaçmazda da mövcuddur. Biz indiyə qədər bu zonada 20-dən çox soyuducu anbarlar tikib istifadəyə vermişik ki, satışla bağlı problem yarananda meyvəni həmin anbarlara yerləşdirsinlər. Alma əsasən Rusiya bazarlarına çıxarılır, nəinki Azərbaycan bazarına. Rusiya bazarındakı, ümumiyyətlə Rusiyyadakı vəziyyəti indi hər kəs yaxşı bilir. Rubl devalvasiyaya uğrayıb, problem həddindən artıq çoxdur. Satışın az olması da ən çox bununla bağlı ola bilər”.

Vahid Əhmədov “nə kimi işlər görülməlidir ki, fermerlər zərərə işləməsin” sualını da cavablandırıb: “Bizdə də əvvəllər problem mövcud idi. Cənab Prezidentin göstərişi ilə müəyyən məsələlər də həllini tapdı. Ancaq ümumi götürəndə əlbəttə ki, problem var, çünki istehsal səviyyəsi yüksəkdir. Qubada da cəmi bir konserv zavodu işləyir, ikinci zavodda isə təmir gedir. Ona görə də bu problem qalmaqda davam edir. Çalışırıq ki, insanlar bazara sərbəst çıxış edə bilsinlər. Düzdür, hazırda müəyyən problemlər də qalmaqdadır. Əsas iş iki-üç emal zavodunun istifadəyə verilməsidir. Bu işlər planda nəzərdə tutulub. Yəqin ki, həmin zavodlar fəaliyyətə başladıqdan sonra elə ciddi problem olmayacaq”. 

Şərhlər