Qlobal iqtisadi böhran baş verə bilər - EKSPERT

24.08.2015 18:00     Ecoreaksiya     3380

Rus rublunun ucuzlaşması, Çin yuanının, Qazaxıstan tengesinin devalvasiyası kimi məsələlər son dövrlər iqtisadiyyatda baş verən çətinliklərin göstəricisidir. Dolların şərq ölkələrində getdikcə bahalaşaraq möhkəmlənməsi “Yeni bir qlobal böhranın astanasındayıq” fikrini ağıllara gətirir.

Məsələ ilə bağlı Reaksiya.az-a açıqlama verən  iqtisadçı ekspert Vüqar Bayramlı  bu hadisələrin dünya iqtisadiyyatına bir təsiri ola bilməyəcəyini bildirib: “Regionda baş verənlər dünya  iqtisadiyyatına təsir edə bilməz. Qlobal arenada baş verənlər dünya iqtisadiyyatına təsir edə bilər. Uzun müddət möhkəmləndikdən sonra ABŞ dollarının  avroya nisbətən dəyər itirməsi müşahidə edilir.  ABŞ dollarının dəyərsizləşməsi Avropa ilə yanaşı digər ölkələrin valyutalarına da təsir göstərir. Regional faktorlarla əlaqədar olaraq rubl, tenge, yuan kimi valyutalarda dollara nisbətən ucuzlaşmalar var”.

3 aparıcı regionda iqtisadi vəziyyət yaxşı deyil

Ekspert düşünür ki,  qlobal bazarlarda dollar öz yerini itirmək üzrədir.  Bu, dünyanın birinci aparıcı ölkəsindəki valyutasında dəyişiklərdir. Eyni zamanda ABŞ iqtisadi durumu  iqtisadi vəziyyətinin yaxşı olduğu anlamına gəlmir.  Uzun zamandır  möhkəm olan ABŞ dolları ABŞ ixracatı üçün ciddi problem yaradıb: “Digər tərəfdən, dünyanın ikinci  böyük ticarəti olan Çində vəziyyət yaxşı deyil. İyulda səhm bazarında azalma 30%-dan çox olub.  Çin valyutasının devalvasiyası müşahidə olunub ki, bu da Çində vəziyyətin yaxşı olmadığından xəbər verir. Avrozonaya gəldikdə, Yunanıstan problemi həll edilə bilmir. Defolt artıq reallaşdı. Defoltdan sonra da bu problemlərin nə zaman həll olunacağı hələ də bəlli deyil.  Digər avrozona ölkələrində də bu çətinliklər müşahidə edilir”.

Qlobal iqtisadi böhran baş verə bilər

Vüqar Bayramlı hesab edir ki, bu məqamlar dünyanın 3 ən böyük iqtisadi regionunda, dünya iqtisadiyyatının 80%-nin çoxuna malik olan ölkələrdə vəziyyətin pis olduğundan xəbər verir: “Siyasi faktorlar əsasında iqtisadi məhsulların qiymətinin aşağı düşməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin maliyyə durumlarına ciddi təsir göstərməsi,  dünya biznesinin pisləşməsinin göstəriciləridir.  Bütün bunlar yaxın zamanda qlobal iqtisadi böhran olması ehtimalını gündəmə gətirir. Güman edilir ki, oktyabr ayından etibarən qlobal çətinliklər müşahidə olunacaq.  Hələlik 2008 –ci ildə olan qlobal böhran gözlənilməsə də,  qlobal çətinliklər artacaq”.

Bu çətinliklərin artması  neftin qiymətinin azalması fonunda ölkəmizə də təsir göstərə biləcəyini vurğulayan iqtisadçı ekspert deyib ki, neftin qiymətinin  aşağı düşməsi Azərbaycanın dövlət gəlirlərinin də azalmasına gətirib çıxaracaq: “Lakin Azərbaycan iqtisadiyyatı qərb iqtisadiyyatına inteqrasiya etmədiyi üçün qeyri-neft sektorunda elə bir təsir göstərməyəcək.  Böhran baş verdiyi halda neftdən kənar sahələrə birbaşa böhranın təsirləri gözlənilmir”. 

Şərhlər