Rusiya iqtisadiyyatı yaxın 1-2 ildə çökəcək - EKSPERT

26.08.2015 14:38     Ecoreaksiya     2503

Xəbər verdiyimiz kimi Rusiya rublu gün-gündən dəyərini itirməyə davam edir. Hazırda bir dollar 69,9 rubla bərabərdir. Pulun dəyərini itirməsi o deməkdir ki, xaricdən investisiya cəlb edilməsində problem yaşanacaq, iqtisadi vəziyyəti getdikcə tənəzzül edəcək. Sözsüz ki, burada Rusiyanın Ukraynayla olan münaqişəsindən sonra Avropa və ABŞ-ın tətbiq etdiyi sanksiyaların rolu böyükdür.

Məsələ ilə bağlı Reaksiya.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov düşünür ki, SSRİ-nin ötən ilin 80-ci illərindəki vəziyyəti ilə Rusiyanın hazırki vəziyyətində oxşarlıq var.  Həm SSRİ, həm də müasir Rusiya dünya bazarına neft və qazdan savayı heç nə çıxarmır, iqtisadiyyat bərbad gündədir. Azərbaycan kimi kiçik və iqlimi isti ölkə üçün bu dözüləndir. Amma Rusiya kimi nəhəng və soyuq ölkə üçün bu çox təhlükəlidir və Rusiyanı asılı vəziyyətə düçar edir. 80-ci illərdə olduğu kimi indi də Rusiya ilə Qərb arasında soyuq müharibə mövcuddur. Qərb Rusiyanı bir növ cəzalandırır. SSRİ dağıldığı kimi Rusiya da dağıla bilər.

Ekspert hesab edir ki,  cari vəziyyət Rusiya üçün daha təhlükəlidir: “Ona görə ki, SSRİ-də heç olmasa ideologiya var idi, təmiz və düzgün insanlar çox idi Rusiyada. İndi bu belə deyil. Məsələn, biz Azərbaycandakı korrupsiyanı pisləyirik. Amma Rusiyada vəziyyət indi bizdən də pisdir. Mən 4 ildən çox Rusiyanın Azərbaycandakı VTB Bankının İdarə Heyəti sədrinin müavini olmuşam, Rusiya dövlət orqanlarının və biznes qurumlarının necə işləməsinə çox yaxşı bələdəm”.

O bildirib ki, Rusiyada biznes qurumlarının əsas məqsədləri dağıdıb yeməkdir.  Başqa ölkələrdə biznes qurumlar açanda da məqsədləri ancaq budur və həmin ölkələrdə ilk növbədə korrupsionerlərlə dostluq edirlər.

Rusiyanın bu vəziyyəti Azərbaycanın xeyrinədir

İqtisadçı ekspert Rusiyada baş verən bu halların Azərbaycana ziyanından çox xeyri dəyəcəyi qənaətindədir: “Neftin qiymətinin düşməsi və nəticədə rublun devalvasiyası o cümlədən Putinə cavabdır. Azərbaycana bu hələ az təsir edir. Amma dediyim kimi Rusiya kimi iri və soyuq ölkə üçün bu ölümə bərabərdir. Həm də unutmayaq ki, rusiyalılar xoş güzarana öyrəşəndən sonra aclığa dözməyəcəklər. Bu baxımdan Rusiya iqtisadiyyatı yaxın bir-iki ilə tam çökə bilər. Bu da öz növbəsində dövlətin parçalanmasına apara bilər. Rusiyada bunun qarşısını ala biləcək heç bir qüvvə yoxdur. Rus xalqı SSRİ-nin dağılmasına necə biganə idisə, Rusiyanın da dağılmasına biganə olacaq. Çünki qarnının hayında olacaq. Yeri gəlmişkən, bu, Azərbaycanın xeyrinədir. Rusiyanın zəifləməsi Ermənistanın da zəfiləməsi, yardımsız qalması deməkdir”.

Şərhlər