Yaxından tanımadığınız insana banklarda zamin olmayın - Ekspertlərin məsləhəti

26.08.2015 17:26     Ecoreaksiya     3358

Banklardan kredit götürmək üçün müraciət edərkən tələb olunan şərtlərdən biri də zamin olan şəxsin müəyyən edilməsidir. Əksər hallarda kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək insanı cəlb edir. Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət ediləndə utanır və "yox" demir. Nəticədə isə krediti bir şəxs götürür, xərcləyir, qaytarmır, o puldan xəbəri olmayan zamin pulu ödəməli olur.

İqtisadçı ekspert Vüqar Bayramov Reaksiya.az-a açıqlamasında bildirib ki, son zamanlar ən çox müraciət edilən məsələlərdən biri kredit götürüləndə zamin olan vətəndaşlarımızın sonradan həmin borcu qaytarmağa məcbur olmasıdır: “Bəzi zamin olan vətəndaşlarımız isə hətta bankla bağlanan müqavilədə kreditin qaytarılmasında problem olduğu halda onun bankda olan kart hesabından pulun çıxılmasına da razılıq verdiyindən, sonradan borc qaytarıla bilməyəndə hesabdan vəsait azaldılır. Apardığımız monitorinqlər göstərir ki, əksər hallarda zamin olan şəxslər oxumadan müqaviləni imzalayıblar”.

Vüqar Bayramov bu hallarla təcrübədə çox rastlaşdığını da əlavə edib: “Məsələn, bizim mərkəzə müraciət edən vətəndaşlarımızdan biri qeyd edir ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub. Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb”.

Hüquqşünas Vamiq Şükürov isə deyir ki, zamin duran şəxs bu halla qarşılaşdıqda məhkəməyə müraciət edə bilər: “Borclu öz  üzərinə düşən borcu ödəmirsə, zamindən pulun tutulması üçün məhkəməyə müraciət edə bilər.  Hətta, onun mülki məcəlləyə əsasən haqqı var ki, borcluya qarşı məhkəmə işi qaldırsın. Və zamin olduğu şəxsdən pulu alsın.  Digər tərəfdən, zamin duran şəxsin adına çox hallarda əmlak, avtomobil, bankda hesabı olmur deyə, pulun zamindən alınması haqqında qərar verildikdə belə icraçı bunu icra edə bilmir”.

İnsanları ən çox maraqlandıran hallardan biri isə zamin durduqları şəxs dünyasını dəyişərsə, qanunvericilikdə bununla bağlı hansı qərarın nəzərdə tutulduğudur. Hüquqşünas belə vəziyyətin iki cür sonlandığını deyir: “Birinci halda krediti götürən şəxs dünyasını dünyasını dəyişərsə, zamin pulu ödəmək məcburiyyətindədir. İkinci halda isə banklar kredit verərkən müştəri ilə sığorta müqaviləsi bağlayır. Həmin şəxs dünyasını dəyişərsə, pulu sığorta şirkəti ödəyir.  Bu bankın da mənafeyinə uyğundur”.

Bütün bu səbəblərə görə ekspertlər vətəndaşları diqqətli olmağa çağırır. Zamin olmadan öncə fikirləşin: kredit qaytarıla bilməyəndə həmin pulu qaytarmağa hazırsınızmı? Bankla bağladığınız müqaviləyə əsasən zamin təxminən borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də, çalışın yaxından tanımadığınız, ödəmə qabiliyyətini tam bilmədiyiniz insana zamin olmayın. Nəzərə alın ki, çox fərqli səbəblərdən istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir.

Şərhlər