Bir ailənin istehlak səbəti nə qədərdir? - Statistika və reallıq
27.08.2015 16:41 Ecoreaksiya 6272
Xəbər verildiyi kimi, dünən Statistika Komitəsinin yayımladığı məlumatda 2014-cü ildə ölkədə orta aylıq nominal əmək haqqı 444,3 manat olduğu göstərilib. Məlumatda bildirilir ki, əmək haqqı alanların sayı cəmi 1,5 milyondur. Ölkə əhalisinin sayı isə 9,6 milyon nəfəri keçib.
İqtisadçı ekspert Rəşad Həsənov Reaksiya.az-a açıqlamasında deyib ki, əslində Azərbaycanda əmək haqqı alan insanların sayı 1,5 milyon nəfər deyil. Çünki ölkədə təxminən 5 milyon insan əmək qabiliyyətli hesab olunur. Bunlardan 4,5 milyona yaxın əhali isə məşğul olan əhalidir: “Ümumiyyətlə, Statistika Komitəsinin göstərdiyi orta əmək haqqı muzdlu işçilərə aiddir. Bura əmək müqaviləsi olanlar, rəsmi şəkildə qeydiyyata alınan, dövlət sektorunda fəaliyyət göstərən şəxslər aiddir. Digər tərəfdən, mümkündür ki, bir ailədə bir insan əmək fəaliyyəti ilə məşğul olsun, başqa ailədə bir neçə nəfər”.
O vurğulayıb ki, məşğul əhalinin 38%-ni təşkil edən kənd təsərrüfatı ilə məşğul olan əhali də bu siyahıda yer almayıb: “Əksər hallarda orta əmək haqqı hesablanarkən ailələrin gəlirləri ilə üst-üstə düşməyə bilər. Bir çox hallarda orta əmək haqqı ailənin gəlirlərindən yüksək olur. Digər bir nüans da odur ki, əmək müqaviləsi olmayan, kənd təsərrüfatında fəaliyyət göstərən, həyətyanı sahəsi olan insanlar da qanunvericiliyə görə işlə təmin olunmuş insanlar hesab olunur. Onların gəlirləri rəsmiləşdirilmədiyi üçün hesabatda əks edilə bilmir. Statistikaya diqqət etsək, əhalinin 38%-i kənd təsərrüfatında fəaliyyət göstərir, lakin gəlirlərini müəyyənləşdirmək mümkün olmur. Onlar az gəlirli ailələr qrupuna daxil olurlar”.
Bəs, görəsən bir ailənin orta standartlara əsasən dolanışığı üçün nə qədər gəlir əldə etməyi lazımdır?
Sualımızı cavablandıran Rəşad Həsənov qeyd edib ki, iki uşaq, iki valideyn olmaqla 4 nəfərlik ailə üçün orta istehlak səbəti iki cür hesablanır: “Birincisi, kirayədə yaşamayan ailələrdir. Onlar təxminən 1000 AZN aylıq gəlir əldə etməlidirlər. Bu qiymət yüksək səviyyəli həyat standartlarına uyğun yaşayış üçün yox, az, orta gəlirli ailə qrupu üçün nəzərdə tutulur. Kirayədə yaşayan ailələr üçün isə bu rəqəm 1200-1300 manat götürülür. Hesablama zamanı orta göstəriciləri nəzərə alaraq bu rəqəmləri əldə etdik. Çox vaxt rəsmi şəkildə yayılan minimum istehlak səbəti ilə bağlı rəsmi rəqəmlər heç də reallığı əks etdirmir. Real xərclər bir çox hallarda dəfələrlə rəsmi göstəricilərdən üstün olur. Orta səviyyəli yaşamaq üçün 4 nəfərlik ailəyə minimum1500 manat gəlir daxil olmalıdır”.
Məsələ ilə bağlı Facebookda sorğu keçirdik. Orta həyat standartlarına uyğun yaşamaq üçün insanların müxtəlif miqdarda pula ehtiyacı olduğu üzə çıxdı.
Bakı şəhər sakini Tamilla Əlibəyli düşünür ki, 1000 manatdan çox pul lazımdır. O bildirir ki, ailə üzvlərinin sayından asılı olaraq bu məbləğ arta da bilər: “Biz ailədə 5 nəfərik. Evdə yalnız atam və anam işləyir. Biz 3 uşaq isə tələbəyik. Ən çox pul ərzaqa gedir, 1000 AZN, cib xərcliyi, ayda bir dəfə bir neçə geyim, toy və s. halları nəzərə aldıqda 2000 AZN qədər ola bilir”.
Jurnalist Rumiyyə Mir Aslan isə yazır ki, ilk növbədə qida üçün ayırlan vəsaiti nəzərdə tutmaq lazımdır: “Daha sonra kommunal xərclər, həkim, dərman (ən azı ailədən bir nəfərin qrip olma ehtimalı var), geyim, toy və yas üçün yas pul və sair və ilaxır... Ən azı 1000 manat lazımdır ki, dörd nəfərlik ailə ala-babat yaşaya bilsin”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Samir Yusubov hesab edir ki, 3 nəfərlik cavan ailə üçün minumum 800 AZN aylıq xalis gəlir lazımdır. Bir şərtlə ki, nə kirayədə yaşasın, nə də avtomobili olsun.
Bakı Slavyan Universitetinin əməkdaşı Ülkər Cəfərova isə bildirir ki, istehlak səbəti aydan-aya fərqli olur: “Ona görə də konkret heç nə demək olmur. Amma təxminən 200-300 manat qidaya, 100 manata qədər kommunal xərclər, 100-200 manat benzin, 50 manata yaxın ictimai nəqliyyat, uşağın məktəb xərcləri, ayda bir dəfə də ad günü, toy, nişan, yas və s. hadisələr olduğunu da nəzərə alsaq, orta hesabla bir ailənin gəliri an azı 1500-2000 min manat arası olmalıdır”.
Şərhlər