2016-cı ildə dövlət büdcəsi azalacaqmı? - Ekspert rəyi
01.09.2015 15:43 Ecoreaksiya 2678
Bu günlərdə mətbuatda 2016-cı ildə dövlət büdcəsinin kəskin şəkildə azaldılacağına dair məlumatlar yer alıb.
Bir sıra ekspertlər xərclərin azaldılması üçün dövlət sektorunda ixtisarların olacağını, bir sıra qurumların birləşdiriləcəyini ehtimal edirlər. Əlbəttə ki, səbəb olaraq da dünya bazarında neftin qiymətinin Azərbaycan üçün elə də ürəkaçan qiymətə olmaması göstərilir.
Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat nəzərdə tutulmuşdu. Ancaq devalvasiya və neftin ucuzlaşması səbəbindən büdcədə böyük miqdarda kəsir yarandı və bu ilin sonuna qədər Azərbaycanın daha 5 milyard manat kəsirlə üzləşəcəyini iddia edilr. O da iddia edilir ki, Azərbaycanın gələn il üçün dövlət büdcəsi 6 milyard azaldıla bilər. Hesab edilir ki, daha çox infrastruktur layihələrə, təmir-tikinti işlərinə ayrılan vəsaitin qoyuluşu məhdudlaşdırılacaq.
Reaksiya.az yayılan bu xəbərlərə aydınlıq gətirmək üçün millət vəkili Vahid Əhmədovla əlaqə saxlayıb.
O, mətbuatda yayılan həmin xəbərlərdən məlumatlı olduğunu bildirib: “2016-cı ilin dövlət büdcəsinə Azərbaycan hökuməti tərəfindən hələ baxılmayıb. Bir neçə dəfə neftin qiyməti ilə bağlı müəyyən mülahizələr oldu. O cümlədən Qazaxıstan Respublikasının prezidenti bildirdi ki, neftin qiymətini 30 dollar məbləğində götürmək lazımdır. Bundan əvvəl maliyyə nazirimiz Samir Şərifov bu məbləğin 50 dollar götürülməsini təklif etmişdi. Azərbaycan dövlət büdcəsi birbaşa neftdən asılı olduğu üçün neftin qiymətinin dövlət büdcəsinin həm xərc, həm də daxilolma hissəsinə böyük təsiri var. Ona görə də neftin qiymətinin günbəgün dəyişdiyinə görə büdcə ilə bağlı düzgün proqnoz vermək həddindən artıq çətindir. Hesab edirəm ki, ümumiyyətlə 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini orta hesabla 50 dollar səviyyəsində götürmək olar. Yəqin ki, neftin qiyməti bundan aşağı səviyyəyə düşməz”.
Millət vəkili də dövlət büdcəsində müəyyən qədər azalmalar olacağı fikrini təsdiqləyib: “Ümumiyyətlə dövlət büdcəsində bu il müəyyən qədər azalmalar müşahidə olunacaq. Ancaq o hesablamaların məbləği hələ ki, dəqiq məlum deyil. Dövlət büdcəsinin tərtibetmə mexanizmləri mövcuddur və onun əsasında da bunlar hesablanmalıdır. Hansı sahələrdə azalma gedəcəyi müəyyənləşdiriləcək. Sosial layihələrin azaldılmaması ilə bağlı Azərbaycan Respublikasının xüsusi göstərişi olduğundan o sahədə azalma olmayacağıni ehtimal etmək olar. Ola bilər ki, müəyyən tikinti layihələri ilə bağlı azalmalar müşahidə edilsin. Bunların hamısı proqnozlardır. Dəqiq nəsə demək çox çətindir”.
Şərhlər