SOCAR-da mühüm görüş
03.09.2015 00:38 Ecoreaksiya 2498
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) İranın neft mütəxəssisləri ilə görüş keçirilib.
Bu barədə şirkət məlumat yayıb. Məlumatda bildirilir ki, 2014-cü ilin ilin avqustunda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi mütəxəssislər qrupunun İrana səfəri çərçivəsində bu ölkənin Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPCO) ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilib. Bununla əlaqədar, bu il avqustun sonunda KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib, SOCAR-ın Geofizika və Geologiya İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və “Azneft” İstehsalat Birliyində azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.
Bu gün KEPCO-nun geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri səfərin yekunlarını müzakirə etmək məqsədi ilə SOCAR-da şirkətin birinci X. Yusifzadə ilə görüşüblər. X. Yusifzadə ölkələr arasında neft-qaz sənayesində əməkdaşlığın çoxillik tarixə malik olduğunu xatırladıb, qeyd edib ki, uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı yaranmışdır və bu imkandan yüksək səviyyədə istifadə olunmalıdır.
Y. Etemadi yüksək elmi potensiala və kadr resurslarına malik SOCAR-ın idarə və müəssisələrində keçirilən görüşlər zamanı Azərbaycanın neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyaların böyük maraq kəsb etdiyini söyləyib. O bildirib ki, səfər çərçivəsində Xəzər dənizində, eləcə də qurudakı neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri ilə geniş fikir mübadilələri aparmış, istifadə olunan texniki-texnoloji proseslərlə tanış olub, birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Qonaqlar Azərbaycanda geodeziya və hidroqrafiya mütəxəssislərinin, geofiziklərin, qazmaçıların gördükləri işlərə xüsusi maraq göstərdiklərini qeyd edib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıblar.
Palçıq vulkanlarının təzahürləri və quyuların qazılmasına təsiri, dərin sularda qaz hidratlarının öyrənilməsi, onların ehtiyatlarının hesablanması, neft-qaz sənayesində tətbiq olunan müasir kompüter proqramlarının birgə mənimsənilməsi, regional seysmik məlumatların birgə araşdırılması və ümumi stratiqrafiyanın, struktur-tektonik xüsusiyyətlərin öyrənilməsi və digər məsələlər Azərbaycan və İran neftçiləri arasında əməkdaşlığın perspektiv istiqamətləri kimi müəyyən edilib.
X. Yusifzadə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu söyləmiş, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib, bu görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə səslənmiş qarşılıqlı təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şərhlər