OPEK-in 55 ildə keçdiyi neft yolu
14.09.2015 14:54 Ecoreaksiya 2350
1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda neft ixrac edən ölkələrin təşkilatı yaradıldı. Neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilata OPEK (The Organization of the Petroleum Exporting Countries) adı verildi. 1965-ci ildən təşkilatın qərargahı Avstriyanın Vyana şəhərində yerləşir.
OPEK daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi təşkil olunub. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola qoşulub. Lakin Ekvador və Qabon tez bir zamanda üzvlukdən çıxıb. Buna səbəb 2 milyon dollarlıq üzvlük haqqını ödəyə bilməməsi və ona qoyulan kvota ilə razılaşmaması olub. Eyni səbəbdən Qabon da 1995-ci ildə üzvlükdən çıxıb. Rusiya və Norveç isə təşkilata daimi olmayan üzv kimi 2000-ci ilin əvvəllərində qoşuldu. İraq təşkilatın üzvü olsa da 1998-ci ilin mart ayından etibarən OPEK kvotalarını öz istehsalında nəzərə almır. 2008-ci ilin may ayından etibarən isə İndoneziya təşkilatdan xaric olunub. Səbəb isə İndoneziyanın OPEK kvotaları üzündən neft sahəsindəki inkişafının azalması göstərilmişdi. Hazırda OPEK-in 12 üzvü var. Üzv ölkələrin ərazisinin ümumi sahəsi 11,8 milyon km2 -dır.
OPEK ölkələrinin başlıca gəlir qaynağını neft gəlirləri meydana gətirməkdədir. Müasir dövrdə OPEK dünya neft bazarına aktiv təsiretmə imkanlarına malikdir. OPEK dünya neft bazarında neftin qiymətinin sabit saxlanılması məqsədilə hasilat kvotası müəyyənləşdirir. Kvotalar OPEK-in dünya neft bazarında ən böyuk tənzimləmə alətidir. Bu kvotalar təşkilat daxilində ölkələrə müəyyən nisbətdə paylanılır. Dünyada mövcud olan neft ehtiyatları 1317 miyard barrelə bərabərdir. Bu resursların təqribən ¾-ü OPEK ölkələrinin payına düşür.
OPEK dünya bazarlarında qiymətlərin yüksək saxlanilması məqsədilə təşkilata daxil olmayan, neft istehsal edən ölkələrlə danışıqlar aparır. Azərbaycan da OPEK-in maraq dairəsindədir. Təşkilata daxil olmayan neft istehsal edən ölkələrin dünya bazarlarına nəzarətsiz miqdarda neft çıxarmaları bazarda təklifi artırır və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur.
Ekspertlər hesab edir ki, Azərbaycanın OPEK-ə üzv olması ölkənin maraqlarına cavab vermir. Təşkilata üzvlük nəticəsində ölkə öz üzərinə neft istehsalının müəyyən səviyyədə saxlanılması barədə öhdəliklər götürməlidir. Çünki neft istehsalının azaldılması ölkənin iqtisadi inkişafına mənfi təsir göstərər. Təşkilata üzv olacağı təqdirdə isə Azərbaycan dünya neft bazarında qiymətin yüksək səviyyədə saxlanılması və neftdən gələn gəlirlərin maksimallaşdırılması istiqamətində təşkilat ölkələri ilə birlikdə neft siyasətinin işlənib hazırlanması üstünlüyünü qazanar. Neft istehsalının maksimum həddə çatdığı zaman Azərbaycan milli maraqlarına cavab verəcəyi halda təşkilata üzvlük məsələsinə baxa bilər.
Şərhlər