Azərbaycan Belarusla protokol imzalayacaq - FOTOLAR

16.09.2015 17:18     Ecoreaksiya     2248

Bu gün Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan–Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Məlumata görə, iclasda Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı idarəsinin rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclası giriş sözü ilə açan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, nümayəndə heyətinin rəhbəri Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti və qarşılıqlı tərəfdaşlığın inkişafından danışıb.

Daha sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının protokolu sabah imzalanacaq.

Şərhlər