SOCAR səhmlərini satmağa hazırdır - Rəsmi açıqlama

18.09.2015 11:31     Ecoreaksiya     2349

SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətindəki səhmlərinin 16%-ini satmağa hazırdır. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, hazırda bununla bağlı 2 şirkətlə danışıqlar aparılır.

Qeyd edək ki, sentyabr ayının 14-də R. Abdullayev bildirib ki, SOCAR DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır: "Biz 66% səhm paketinin alınmasında israrlıyıq və bu məsələdə dəyişiklik gözləmirik".

R. Abdullayev qeyd edib ki, bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək.

Qeyd edək ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb.

Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.

Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Şərhlər