Bu il taxılda azalmalar müşahidə olunacaq - EKSPERT RƏYİ
17.06.2015 00:57 Ecoreaksiya 3281
Bunu Reaksiya.az – a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib. O, qeyd edib ki, taxıl sahələrində aparılan monitorinqlərin nəticəsində bu il arpa və buğda istehsalında ciddi azalmaların olduğu üzə çıxıb. Belə ki, taxıl zəmilərində bitkilərə, sünbüllərə baxış göstərdi ki, son aylarda yağışların yağması taxıl bitkilərinin inkişafı üçün münbit şərait yaratsa da, əksinə, yağışların intensivliyi bu sahədə yol verilmiş bir çox nöqsanları ortaya çıxarıb: “Belə ki, sahələrdə əyilmiş (yatmış) bitkilərə daha çox rast gəlinir. Bu kimi hal bitkilərin zəif inkişafından xəbər verir. Yəni, taxıl bitkilərinin inkişaf fazalarında vaxtlı-vaxtında aqrotexniki qaydalara əməl olunmaması səbəbindən bitkilər ilkin böyümə etapında normal inkişafdan məhrum olmuş, sonrakı fazalarda isə bu çatışmazlıqlar özünü bitkinin gövdəsinin zəif, nazik olmasında göstərmişdi. Elə bu səbəbdən də yağışlar yağan zaman bitkilər əyilmişdir. Əksər taxıl sahələrində apardığımız baxışlar zamanı bitkilərdə sünbülün qısa, dənin cılız, sünbüldə dənin kütləsinin az olduğu müəyyən olundu. Bu isə məhsulun kəmiyyətinin az olmasını göstərməklə yanaşı həm də əldə olunan dənin keyfiyyətinin aşağı olduğundan xəbər verir.
Yağan yağışlar taxıl sahəsində uzun müddət geniş yayılan alaq otların intensiv inkişafını təmin etməklə yanaşı, həm də yabanı vələmirin (yulafca) də daha geniş yayılmasına səbəb olmuşdu. Bu isə biçin zamanı əldə olunan məhsulda zibil qarışığının həcmini artırmaqla yanaşı, həm də gələcəkdə mövcud əkin sahələrində alaq otlarının daha da geniş yayılmasına səbəb olacaq”.
Şərhlər