Mərkəzi Bankda xüsusi ehtiyatlar yaradılır - VİDEO
19.10.2015 15:10 Ecoreaksiya 2230
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydalarına dəyişikliklər edilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, nəzarət altında olan aktivlər əvvəlki kimi 5% deyil, 23.02.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər 2%, restrukturizasiya olunmamış nəzarət altında olan aktivlər isə 1% səviyyəsində təsdiqlənib.
Bundan başqa, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması qaydaları da dəyişdirilib. Belə ki, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər - 6 ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda həyata keçirilir.
İstehlak kreditləri və banklararası kreditlər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər, aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması həyata keçirilir.
Qeyd edək ki, buna qədər restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması yalnız aktivin əsas məbləğinin ən azı 50%-i ödənilməsi və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunması şərti ilə həyata keçirilir.
Şərhlər