SOCAR Avstriyanın “Poerner” şirkəti ilə müqavilə imzalayıb
23.10.2015 00:34 Ecoreaksiya 1629
SOCAR-dan verilən məlumata görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “Poerner” şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Volfqanq Heqer (Wolfgang Heger) iştirak edib.
R. Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda “Avro 5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır. Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusu istismara veriləcək. Bu tədbir keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.
A. Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduqlarını bildirmiş, yeni bitum qurğusunun inşası məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner” şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd etmişdir. Sonra SOCAR və “Poerner” şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanıb.
Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən “Poerner” şirkətinin baş direktoru A. Poerner imzalayıblar.
Şərhlər