"Rusiyanın qara gün üçün yığdığı pul gələn ilə bitəcək" - Rusiya hökumətindən xəbərdarlıq

29.10.2015 09:58     Ecoreaksiya     2259

"Neft qiymətlərindəki ciddi düşüşdən sonra Rusiyada təzədən iqtisadi bolluğa geri qayıtmaq qeyri-mümkündür". Bu açıqlama Rusiyanın maliyyə naziri Anton Siluanovdan gəlib. Federasiya Şurasında 2016-ci ilin büdcə layihəsinin müzakirə edildiyi yığıncaqda çıxış edən Siluanov bildirib ki, iqtisadiyyatda bu gün yaşanan vəziyyət 1980-ci illərin ortalarındakı böhranı xatırladır: “Ancaq Sovetlər Birliyindən fərqli olaraq Rusiya xarici borca girə bilməz" – deyə Siluanov bildirib.

Rusiyanın neft və təbii qaz gəlirlərindən ibarət olan ehtiyatlarının tükənmək üzrə olduğuna diqqət çəkən nazir qeyd edib ki, 2014 və 2015-ci ildə bu pullar sayəsində Rusiya ayaqda qalıb və bu təcrübədən ancaq 2016 – cı ildə istifadə etmək mümkündür.

Rusiyanın ehtiyatlarının 2015-ci ildə təxminən 2,6 trilyon rubl azalacağı məlumatını verən Siluanov sözlərinə əlavə edib ki, 2016-ci il Rusiyanın rezervlərindən istifadə edəcəyi sonuncu ildir. Daha sonra isə belə bir ehtiyatımız olmayacaq.

Şərhlər