Türk lirəsindən yeni rekord

02.11.2015 15:06     Ecoreaksiya     2292

Rəcəb Tayyib Ərdoğanın qurucularından olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) cari il ərzində edilən ikinci seçkilərin ardından təkbaşına hökumət qurmağa kifayət edəcək səsi alması türk lirəsinin dollar qarşısında bahalaşmasına səbəb olub.

Reaksiya.az oxu.az-a istinadən xəbər verir ki, türk lirəsi ötən gün 5,4% bahalaşaraq bir dollar üçün 2,7579 lirə göstəricisinə yüksəlib.

Bloomberg yazır ki, bu, 2008-ci ildən bu yana olan ən kəskin yüksəlişdir.

Xatırladaq ki, Qərb ekspertləri bildiriblər ki, ölkədə sürətli bir şəkildə sabit hökumət qurularsa, lirə digər valyutalar qarşısında da bahalaşa bilər.

Qeyd edək ki, Türkiyədə keçirilən erkən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.

Səslərin 95%-i hesablandıqdan sonra AKP-nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb.

Bu nəticə ilə AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökumət formalaşdırmaq üçün minimum 276 səs tələb olunur. 7 iyun 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı.

Şərhlər