SOCAR ABŞ şirkəti ilə müqavilə imzaladı
03.11.2015 15:40 Ecoreaksiya 2187
Bu gün SOCAR və ABŞ-ın UOP şirkəti arasında Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, UOP şirkətinin baş vitse-prezidenti Pete Piotrovski (Pete Piotrowski) və digər şəxslər iştirak ediblər.
Tədbirdə R. Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi hazırda şirkətin downstream (emal mərhələsi) mərhələsində həyata keçirdiyi ən vacib layihələrdən biridir. Yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Bununla əlaqədar, yüksək keyfiyyətli benzin istehsalının təşkil olunması məqsədi ilə aparılmış araşdırma nəticəsində dünyada qabaqcıl təcrübəyə malik UOP şirkəti NEZ-in strukturuna daxil olan qurğular, o cümlədən koks naftasının hidrotəmizləməsi, katalitik krekinq, izomerləşmə, MTBE, doymamış maye qazın merkaptan oksidləşdirilməsi, aminlə təmizləmə və sulfidin oksidləşməsi qurğuları üzrə müvafiq lisenziar seçilib. Bu münasibətlə qonaqları təbrik edən R. Abdullayev SOCAR və UOP arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, qeyd edib ki, NEZ-in strukturuna daxil olan katalitik reforminq qurğusu məhz UOP şirkətinin lisenziyası əsasında inşa edilib, NQENKK və NEZ-in yenidən qurulması layihələri üzrə Texniki İqtisadi Əsaslandırılma UOP şirkətinin iştirakı ilə həyata keçirilib. UOP şirkəti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR layihəsində də müxtəlif qurğular üzrə lisenziar seçilib.
UOP şirkətinin baş vitse-prezidenti SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib, yeni qurğuların inşası üçün təmsil etdiyi şirkətin lisenziar seçilməsinə görə təşəkkür edib.
Sonra müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən P. Piotrovski imzalayıblar.
Qeyd edək ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması üzrə Avstriyanın “Poerner”, Fransanın “Axens” şirkətləri ilə də müqavilə imzalayıb.
Şərhlər