Lotereya oyunlarının təşkilinə dair tələblər sərtləşdirilir
14.11.2015 12:01 Ecoreaksiya 2101
Azərbaycanda lotereya kütləvi oyunlarının qeydiyyatı və təşkilinə dair tələblər sərtləşdirilir.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin hazırladığı və ictimai müzakirəyə çıxardığı “Lotereyalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən indiyə qədər lotereya iştirakçılarının hüquqlarının müdafiəsi, lotereyaların təşkilinə və keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında keçirilən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatını həyata keçirib. Lotereyanın qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın keçirilməsinin başlanmasına azı 20 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına lotereyanın qeydiyyata alınması üçün ərizə (ərizədə lotereya təşkilatçısının adı, olduğu yer, lotereyanın adı və keçirilməsi forması göstərilməlidir), lotereyanın şərtləri, lotereyada istifadə olunacaq lotereya biletinin nümunəsi, lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti, lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti təqdim edilib. Qanun layihəsi qəbul olunduqdan sonra isə qeyd olunan sənədlərlə bərabər müvafiq icra hakimiyyəti orqanına lotereya təşkilatçısının təsisçiləri haqqında məlumat, fiziki şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, imzaları notariat qaydasında təsdiq edilməklə onların vətəndaş qüsursuzluğuna dair ərizələri, hüquqi şəxslərin dövlət qeydiyyatı şəhadətnaməsi (VÖEN), son maliyyə ili üzrə tərtib edilmiş maliyyə hesabatları, istifadə ediləcək texniki təchizat haqqında məlumat, sabit əmsallı lotereyada uduş fondunun formalaşdırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun zəmanət məktubu təqdim edilməsi tələb olunacaq. Bu sənədlərin surətinin eyni lotereya təşkilatçısı tərəfindən sonrakı stimullaşdırıcı lotereyaların keçirilməsi məqsədilə edilən müraciətlər zamanı təqdim edilməsi tələb olunmayacaq. Qeydiyyata alınmamış lotereyaların keçirilməsinə və reklamına yol verilməyəcək.
Qanun layihəsində audio/tele lotereyaların və elektron formada lotereyaların qeydiyyatına dair tələblər də əksini tapıb. Audio/tele lotereyaların qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın keçirilməsinin başlanmasına azı 20 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına lotereyanın qeydiyyata alınması üçün ərizə (ərizədə lotereya təşkilatçısının adı, olduğu yer, lotereyanın adı və keçirilməsi forması göstərilməlidir), lotereyanın şərtləri, lotereyada istifadə olunacaq lotereya biletinin nümunəsi, lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti, lotereya təşkilatçısının təsisçiləri, benefisiarları və idarəetmə orqanının üzvləri haqqında məlumat, o cümlədən: fiziki şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, imzaları notariat qaydasında təsdiq edilməklə onların vətəndaş qüsursuzluğuna dair ərizələri; hüquqi şəxslərin dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsinin (VÖEN) surəti, lotereya təşkilatçısının təşkilati strukturu barədə məlumat, son maliyyə ili üzrə tərtib edilmiş maliyyə hesabatları, istifadə ediləcək texniki təchizat haqqında məlumat təqdim etməlidir.
Elektron formada lotereyaların təşkili və keçirilməsinə gəlincə, lotereya təşkilatçısı elektron lotereyaların təşkili və keçirilməsini yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə cavab verən və qanunvericiliyə uyğunluğu və risksiz fəaliyyət göstərməsi haqqında kənar auditor rəyinə malik xüsusi elektron sistem vasitəsi ilə həyata keçirməlidir. Elektron sistem ildə bir dəfədən az olmamaq şərtilə elektron lotereya təşkilatçısının öz hesabına kənar auditor tərəfindən yoxlanmalı və 15 iş günü ərzində nəticələri nəzarət orqanına təqdim edilməlidir. Nəzarət orqanının tələbi ilə lotereya təşkilatçısı öz hesabına növbədənkənar auditin keçirilməsini təmin etməlidir. Bu qanunun tələblərinə uyğun olaraq qeydiyyata alınmadan keçirilən lotereyaların satışını təşkil edən internet səhifəsinin vahid resurs lokatoruna (URL) çıxış məhkəmə qərarı əsasında qadağan edilir. Lotereya təşkilatçısı xüsusi elektron sistemə kənar müdaxilələrin qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təhlükəsizlik tədbirlərinə və daxili nəzarət mexanizmlərinə malik olmalıdır. Xüsusi elektron sistem lotereyaların təşkili və keçirilməsi ilə bağlı hesabatların avtomatlaşdırılmış qaydada generasiya edilməsini və müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsini təmin etməlidir. Lotereya təşkilatçısı xüsusi elektron sistemə nəzarətin təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi nəzarət çıxışı yaratmalıdır.
Şərhlər