Cahangir Hacıyevin şirkətində maaş davası
17.11.2015 16:31 Ecoreaksiya 2033
"Azərinşaatservis" MMC şirkətinin maaşını ala bilməyən işçiləri yenidən aksiyaya başlayıblar.
Reaksiya.az anspress-ə istinadən xəbər verir ki, bu barədə sayta aksiya iştirakçıları məlumat veriblər. Ziya Bünyadov prospektində yerləşən "Azərinşaatservis" MMC-nin ofisinin önünə toplaşan 200-dən çox işçi maaşlarının verilməməməsi səbəbindən belə bir addım atdıqlarını bildirirlər. Aksiya iştirakçısı Şərafəddin adlı şəxs deyir ki, oktyabr ayının 29-da keçirdikləri aksiyadan sonra sifarişçi şirkət olaraq "Azəryolservis" ASC-nin əməkdaşı Eldar adlı şəxs onlarla görüşüb. Həmin adam işçilərə 10 gün ərzində maaşlarının veriləcəyini deyib: "10 gün gözlədik amma heç kim bizə pulumuzu vermədi. Hazırda şirkət 1100 nəfərə pul ödəməlidir. Aksiyada həmin 1100 nəfərdən cəmi 200 nəfər iştirak etməsinə səbəb isə digər işçilərin yol pulu tapıb etiraz keçirilən əraziyə gələ bilməməsidir. Eldar müəllim bu gün də əraziyə gəldi və bizə bildirdi ki, 10 gün daha səbr edək pullarımız veriləcək. Ancaq hələlik dağılışmaq fikrimiz yoxdur", -deyə aksiya iştirakçısı şərafəffin adlı şəxs bildirdi.
Həmin işçilər bundan qabaq da oktyabr ayının 29-da aksiya keçiriblər. Etirazçılar beş aydır ki, maaş ala bilmədiklərini bildirirdilər. Onlardan biri olan Məhəmməd Əmirov bildirmişdi ki, aprel ayından əmək haqqını ala bilməyənlər var. Onun sözlərinə görə, şirkət onları işlədəndən sonra öz hesablarına məzuniyyətə göndərib.
Fəhlələr adı çəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirlər.
Şərhlər