Azərbaycan Avropanın radon qazı xəritəsinə daxil edildi
18.11.2015 13:40 Ecoreaksiya 2223
Azərbaycan ərazisində radon qazının miqdarı ilə bağlı aparılmış tədqiqatların nəticələri “Avropanın qapalı mühitlərində radonun yayılma xəritəsi”nə daxil edilib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) verilən məlumata görə, Avropa Komissiyası tərəfindən tərtib olunmuş elektron xəritədə ölkəmizin də ərazisi sözügedən qazın yayılma göstəriciləri ilə əks olunur.
GGİ-nin alimləri 2010-cu ildən etibarən ölkədə bu qazın yayıldığı ərazilərin müəyyən edilməsi və sağlamlığa mənfi təsir edə bilən riskinin azaldılması istiqamətində tədqiqatlar aparır. Son 5 il ərzində İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi və GGİ-nin vəsaiti hesabına aparılmış tədqiqatlar nəticəsində radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib. Bu məlumatlar əsasında 2013-cü ildə “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub.
Bəzi ölkələr layihəyə yeni qoşulduğuna görə xəritə hazırda bütün Avropanı əhatə etmir. Tədqiqatlar qitə boyu genişləndikcə xəritə yenilənəcək.
İnstitutdan bildirilib ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir.
Şərhlər