Heç bir borc silinməyəcək - “Azərişıq”
24.11.2015 11:39 Ecoreaksiya 2035
İstifadə olunan elektrik enerjisinin haqlarını ödəməyənlərə heç bir güzəşt olunmayacaq.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun elektirk enerjisi borcu ilə bağlı xəbərdarlığından sonra ödəmələrdə artım müşahidə olunur:
"Buna baxmayaraq hələ də borclarını ödəməyənlər var. Bizim güzəşt etmək səlahiyyətimiz yoxdur. Həm də niyə güzəşt olunsun ki?! Borc-borcdur, kim elektrik enerjisi işlədirsə, pulunu da ödəməlidir. Heç bir borc silinməyəcək. Bakı üzrə elektrik enerjisi haqları üzrə ödəmələr 97-98 faizə çatır. Amma nəzərə almaq lazımdır ki, “Azərişıq” ASC tək Bakıda fəaliyyət göstərmir. Biz çalışırıq ki, enerji haqları vaxtlı-vaxtında ödənilsin”.
T.Mustafayev borcların yaranma səbəbinə də toxunub:
“Borclar əsasən iyul və avqust aylarında yaranmış pullardır. Yay aylarında yığılan borcların ödənməsi sonra gecikdirilir. Bu isə borcların yaranmasına gətirib çıxarır”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Azərişıq” ASC debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatının noyabrın 23-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacağı barədə xəbərdarlıq edib.
Səhmdar Cəmiyyətin xəbərdarlığında qeyd olunub ki, “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və qanunsuz istifadə sayıldığından, belə hallara yol verildikdə Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun ciddi tədbirlər görüləcək.
Şərhlər