Alihan Bökeyhanov (1870 – 1937) - TÜRK DÜNYASININ AYDINLARI
25.06.2015 05:59 Maraqlı 3384
I yazı
Alihan Nurmuhamed oğlu Bökeyhanov qazax xalqının həyatında önemli yer tutan alim, qazaxların ilk siyasi partiyasının lideri və Alaşorda dövlətinin rəhbəri olub. Semey vilayətinin Qarqaralı rayonunun Tokıran kəndində (indiki Karakanda vilayəti, Aktoğay rayonu) anadan olub. Çingiz xanın büyük oğlu Joşı xanın nsəlindəndir. Babası sonuncu qazax xanı Bökey xandır.
Atası Alihanı 9 yaşında olarkən Qarqaralı şəhərinə aparıb, təhsil almaq üçün onu mollaxanaya qoyur. Amma ağıllı uşaq mollaxanada təhsil almaqdansa, şəhərdəki məktəbdə oxumağın faydalı olduğunu düşünərək, şəhərdəki 3 sinifli məktəbə daxil olur. Ondan sonra Qarqaralı şəhərindəki 3 illik məktəbə qəbul olur, həmin məktəbi uğurla bitirdikdən sonra 16 yaşlı Alihan Ombı şəhərində Texniki məktəbdə təhsil alır. General – qubernatorluğun və qazax maarifçilərinin dəstəyi ilə Rusiyanın paytaxtı Sankt-Peterburqa gedir və Meşə Mühəndisləri İnstitutuna daxil olur. Təhsillə yanaşı gənc Alihan eyni zamanda, siyasi, ədəbi, iqtisadi fəaliyyətlə də məşğul olur. Qaranlıq və cəhalətə bürünən qazax xalqının təhsil alması və müasirləşməsi üçün əlindən gələni əsirgəməməyi qarşısına məqsəd qoyur.
XX əsrin əvvəllərində Qazax elində iki axın var idi. Bunılardan biri Buxara və Türkistanda yayılmaqda olan Panislamizm axını, digəri isə Qərb mədəniyyətini müdafiə edən Pantürkizm axınıdır. Bu ikinci axında Alihanla yanaşı Rus məktəblərində təhsil almış, yüksək dünyagörüşlü qazax ziyalıları təmsil olunmaqda idi. Bu axın insanlara Rusiyaya qarşı çıxmamağı, bir az da səbrli olmağı aşılayırdı. Onlar daha çox maarifçilik fikrini önə sürürdülər. Güclərini isə bu məqsəd ətrafında birləşdirirdilər. Ama onların bu dediklərini həyata keçirməyə isə dövlət qurumları icazə vermirdi və onlar ya sürgün edilir, ya da həbs olunurdular. Bu olaylar zamanı hələ tələbəlik illərindən adı qara siyahıya düşən Alihan da həbs olunmuşdu. Alihan öncə Semey həbsxanasına, daha sonra isə Samara sürgün edilmişdi.
1916 – cı ildə yenidən Samardan Orınbora gələn Alihan şəhərdəki tədbirlərdə iştirak etməyə və siyasi fəaliyyətə başlayır. Şəhərin qazax xalqı tərəfindən şəhər Dumasına seçilir. O, Fevral inqilabına böyük ümidlər bəsləyirdi. Amma artıq ümidini itirmişdi. Qısamüddətli hökümət onun da üzvü olduğu, hərbi tələbə təşkilatının öndərləri qazaxların muxtariyyət tələblərinə etiraz etdilər. Alihan onlarla bu məsələdə uzlaşa bilməyəcəyini anladı və bu partiyadan istefa verib qazaxlar tərəfindən seçilən 9 vəkillə birgə Tomsk şəhərində Sibir muxtariyyətçilərinin qurultayında iştirak etdi. Burada Sibir Respublikasının tərkibində Qazaxıstan Muxtar Respublikası qurulmalı idi. Alihan qurultaydan qayıtdıqdan sonra, qazax türklərinin tarixindəki ilk siyasi partiyanı – Alaş partiyasını qurdu. Sonunda, 1917 – ci ilin dekabr ayında qazaxlar qurultay keçirərək Qazax Muxtar Ölkəsi qurulduğunu elan etdilər və A.Bökeyhanov ilk Qazax Muxtar Ölkəsinin Prezidenti seçildi. Amma qısa bir müddət sonra qələbə qazanan bolşeviklər Qazax Muxtar Ölkəsini işğal etdilər. Ölkənin öndərləri sürgün olundu. Moskvaya sürgün olunan A.Bökeyhanov 10 il ev dustağı kimi yaşadıqdan sonra 1937 – ci ilin avqustunda həbs olunur və güllələnir.
Həyatını xalqının, Vətənin azadlığı uğrunda qurban verən A. Bökeyhanov unikal bir insan idi. Amma hər şeydən əvvəl o, xalqının tarixində dərin izlər qoyub getdi.
Şərhlər