Azərbaycan Füzulinin sümüklərini necə xilas etdi?

27.06.2015 19:53     Maraqlı     2331

Türk ədəbiyyatının ən əhəmiyyətli adlarından olan Füzuli İraqda yaşamış, həyatını Bağdad, Kərbəla və Nəcəfdə keçirmiş və 1556-cı ildə bu dünyadan ayrılmasının ardından Kərbəlada, Həzrəti Məhəmmədin (s) nəvəsi Hüseynin (ə) yanında dəfn edilmişdi.

Əsl adı Məhəmməd olan Füzuli, Oğuzların Bayat boyundandı və türk dilində yaradan ən lirik şair kimi tanınır.

Dillərdən düşməyən eşq şeirlərinin, "Leyli və Məcnun" hekayəsinin və artıq əbədiləşən "Salam verdim, rüşvət deyil deyu almadılar" sözünün sahibi olan Füzulinin Kərbəladakı sümüklərinin başına ölümündən əsrlər sonra nələr gəldi, nələr...

Səddamın buldozerleri məzarını dağıtdı, sümükləri bir məsciddən o birisinə daşındı, ortaya başqa dövlətlərin də qarışdıqları bir məzar döyüşü çıxdı.

Bu da ölümündən təxminən 400  il sonra, Füzulinin başına gələnlərin əhvalatı ...

Kərbəlada, 1984-cü ilin yayının isti bir gecəsində, Həzrəti Hüseynin türbəsinin ətrafını Səddam Hüseynin buldozerləri bürüdü və yarım saat içərisində türbənin qiblə qapısında olan əsrlər əvvəlindən qalma qübbəli kiçik bina yerlə bir edildi.

Daş yığınına dönən tikili Füzulinin boş məzarıydı. Qəbir bir gün əvvəl açılmış, şairin sümükləri yığışdırılıb bir qutuya qoyulmuş, yaxınlıqdakı kiçik bir məscidə, Sultaniyə Məscidinə yerləşdirilmişdi.

Sümüklər, məsciddə illərlə qaldı. Amma buldozerlər yol çəkilərkən bu dəfə məscidi də yerlə bir etdilər və Füzulinin sümükləri yenə başqa yerə daşındı.

İraq XİN-i o günlərdə Moskvadan bir nota aldı. Notada, Sovetlər Birliyini təşkil edən dövlətlərdən biri olan Azərbaycanın, Azəri dünyasının milli şairi qəbul edilən Füzulinin məzarına rəva görülənlərdən kədərləndiyi bildirilirdi. İraq, Füzulinin sümüklərini Azərbaycana göndərməyi qəbul edərsə, SSRİ məmnun olacaqdı...

Füzuli Qurultayı toplandı

Füzuli, məzarını bir müddət əvvəl yerlə bir etdikləri iraqlıların gözündə dəyəri artdı. İraqlılar "bağdadlı Süleyman oğlu Məmməd, Ərəb şairi olmasa belə İraqda yaşamışdır, İraqın şairidir və nəinki sümükləri, məzar torpağından tək bir qum dənəciyi belə xaricə gedə bilməz" dedilər.

Bir neçə il daha keçdi və 1994-cü ilə yetişildi. Azərbaycan artıq müstəqil bir dövlət idi və bu dəfə Bağdadla birbaşa təmas qurdular. Sümükləri təkrar istədilər və İraqa sümüklərin qarşılığında "Biz türkləri razı edirik" deyərək İslamiyyətın ilk illərində ərəb ədəbiyyatının ən güclü şairi İmrulkaysın Ankaradakı məzarını vəd etdilər.

Bağdad yenə "Olmaz!" dedi, amma Azərbaycanın təzyiqi davam edincə, 1994-cü il 17 sentyabrda Bağdadda bir "Füzuli Qurultayı" topladılar.

Azərbaycan konqresə Füzuli mütəxəssisi olan 128 nəfərlə qatıldı. Nümayəndə heyətinə Elçin Əfəndiyev rəhbərlik edirdi. "Məzar işi həllini tapmayınca, Bağdaddan addım belə atmarıq" deyib İraq Mədəniyyət Nazirliyini "işğal" etdilər. Mübarizələri tam üç gün, üç gecə davam etdi və 19 sentyabr axşamı iraqlılar Füzulinin şəninə uyğun bir yerdə yeni bir türbə inşa etmək sözünü vermək məcburiyyətində qaldılar.

Məzarın yerini də azərbaycanlılar seçdilər: Kərbəlada Həzrəti Hüseynin türbəsini əhatə edən məscidin qiblə girişindəki əlyazmaları otağını... Sümüklər bu otağa nəql olundu, giriş qapısının sol tərəfindəki divarın altına dəfn edildi, üzərinə də Kərbəla mərmərindən bir kitabə tikildi.

İraq və Azərbaycan arasında bu müzakirələr davam edərkən, Füzulinin ən böyük şair olaraq qəbul edən bir başqa məmləkətin, yəni Türkiyənin adı belə eşidilmədi. Buldozerlər Füzulidən qalanları silib süpürürkən nə XİN-imiz tükünü tərpətdi, nə də universitetlərimiz...

Yeni türbəsində uyuyur

Füzuli, 1995-ci ildən bu yana Kərbəladakı yeni türbəsində uyuyur, türbənin qübbəsinə məşhur beyti həkk olunub: "Nə yanar kimsə mənə atəşi dildən özgə / Nə açar kimsə qapım badi sabadan qeyri".

Murat Bardakçı

Habertürk

Şərhlər