Britaniya mətbuatı: Bizi itlər çox sevir, yoxsa pişiklər?

02.02.2016 13:45     Maraqlı     2261

Britaniya hökuməti insanın genetik modifikasiyasına icazə verdi
Hökumət Britaniya alimlərinə insan embrionunun genetik modifikasiyası və ya adi dillə deyilsə, dəyişdirilməsinə icazə verib.
 
“The İndependent” qəzeti yazır ki, beləliklə, ilk dəfə olaraq Britaniya tədqiqatçılarına insan rüşeymi inkişafının erkən mərhələsində bu prosesə müdaxilə etmək lisenziyası verilib.
Söhbət insan embrionunun DNT-sinə mayalanmanın 7-ci gününədək müdaxilə edilməsi icazəsindən gedir.
Qəzet yazır ki, bu, alimlərə qadınların uşaq salması səbəblərinin öyrənilməsi imkanını verəcək.
Bununla belə, alimlərin “dəyişdirilmiş” embrionları qadın bətninə qoyması qadağan olaraq qalır.
 
Ömrün ilk yeddi günü
 
Britaniya İnsan Mayalandırılması və Embriologiya İdarəsinə hələlik heç bir gen mühəndisliyi ilə məşğul olmamaq tapşırığı verilib. Bu onunla bağlıdır ki, belə bir tədqiqat üçün ayrıca icazəni Etika Palatası verməlidir. Bu prosesin mart ayınadək başa çatacağı gözlənilir.
 
Gen mühəndisliyi layihəsini Londondakı Francis Crick İnstitutundan doktor Kathy Niakan aparır. Xanım Niakan bu icazənin alınması üçün uzun müddət mübarizə aparıb. O, bu müddət ərzində hökuməti məsələnin etik məqbulluğuna inandırmağa çalışırdı. Bu lisenziya ilə alimlər embrionların genetik koduna müdaxilə edəcək və onun erkən inkişaf mərhələsində “özünü necə apardığını” tədqiq edəcəklər.
 
Qəzet yazır ki, 7 günlük embrionda yalnız 250-dək hüceyrə olur. Embrionun belə yaxından öyrənilməsi ginekoloqlara süni mayalandırmanı daha səmərəli həyata keçirmək üçün həyati material verəcək. Crispr-Cas9 kimi tanınan gen mühəndisliyi üsulu üç il bundan əvvəl ixtira edilib və DNT-nin “kəsilməsinə və köçürülməsinə” imkan yaradır.
 
Bütün bunlara baxmayaraq, layihənin əleyhdarları onun yarada biləcəyi mümkün fəsadlardan narahatdırlar. Tənqidçilər deyirlər ki, bu üsulla “uşaqları dizayn etmək” və valideynlərin arzusuna uyğun şəkildə “yaratmaq” mümkün olacaq, bu isə ciddi etik məqamları ortaya çıxaracaq.
 
Onlar həmçinin deyirlər ki, gen mühəndisliyi zamanı yol verilmiş hər hansı “genetik səhv” gələcək nəsillərə ötürülə bilər. Lakin ümumilikdə Britaniyanın tibb icması hökumətin qərarını alqışlayıb.
Layihəyə tərəfdar alimlər bildirirlər ki, embrionun erkən inkişaf mərhələsində öyrənilməsi, nəinki süni mayalandırmanın daha etibarlı həyata keçirilməsinə, hətta müxtəlif irsi xəstəliklərin qarşısının alınmasına imkanlar açacaq.
 
Bizi itlər çox sevir, yoxsa pişiklər?
 
“The Daily Telegraph” qəzeti əbədi və əzəli suala müraciət edib: İnsanı it çox sevir, yoxsa pişik?
Əslində qəzet bir neyroalimin tədqiqatlarının nəticələrindən yazır. Bu alimin təcrübələri BBC 2 telekanalının sənədli filmində nümayiş etdirilib. Qəzet yazır ki, itsevərlərlə pişiksevərlər arasında gedən mübahisə birmək bilmir. Bu bir növ elə itlə pişiyin münasibətlərinə bənzəyir. BBC-nin sənədli filmi “Pişiklər itlərə qarşı” adlanırdı.
 
Bu sənədli filmdə heyvan ekspertləri Chris Packham və Liz Bonnin canlılardan hansılarının insana daha çox bağlı olduğunu araşdırırdılar. Bir çox mədəniyyətlərdə “itin insanın dostu” olduğu mütləq həqiqət kimi qəbul edilib və bu, hardasa belədir.
 
Çünki itlərin “məhəbbət hormonu” sayılan oksitosin maddəsini buraxması elmə çoxdan məlum idi. Beləliklə, bu hormonla bağlı sınaq pişiklərin üzərində ilk dəfə olaraq keçirilirdi.
 
Məhəbbətin “kimyəvi” ölçüsü
 
"İtlərin öz insan sahiblərini sevməsinə dair çoxsaylı dəlillər mövcuddur, - deyib tədqiqatı aparmış doktor Paul Zak – Məsələn, artıq sübut olunub ki, insan öz iti ilə təmasda olarkən həm it, həm də onun sahibi oksitosin deyilən hormon buraxır”.
 
Alim deyir ki, əslində bu proses heyvanlarda “məhəbbətin kimyəvi ölçüsü” sayıla bilər. İnsan sevdiyi və yaxın bildiyi insanlarla təmasda olarkən və ya onların qayğısını çəkərkən onların beyinlərində oksitosin hormunu istehsal olunur.
 
“Məsələn biz xanımımızı və ya uşaqlarımızı görəndə damarlarımızdakı qanın sürəti 40-60 faiz artır” – deyir alim. Beləliklə, neyroalim Paul Zak, sahibləri ilə oynamazdan 10 dəqiqə əvvəl və oynadıqdan 10 dəqiqə sonra itlərin və pişiklərin oksitosin səviyyəsini ölçüb.
 
10 pişik, 10 it
Bunun üçün 10 pişik və 10 itdən selik yaxması götürülüb. Nəticələr göstərib ki, itlərdə oksitosin hormonu 57, 2 faiz artıb, halbuki pişiklər üçün bu rəqəm yalnız 12 faiz olub.
Nəzəri baxımdan bu o deməkdir ki, itlər öz sahiblərini pişiklərdən daha çox istəyirlər. Alim etiraf edir ki, itlərin belə yüksək hormonal nəticəsi onun özü üçün də gözlənilməz olub. Yəni itlərin öz sahiblərinə bağlılığı yenilik deyildi, amma bu səviyyədə bağlılıq ilk dəfədir ki, elmi baxımdan isbat olunub.
Alim bildirir ki, nəticələri pişiklər üçün də uğurlu saymaq olar, çünki bir çox başqa tədqiqatlar pişiklərdə sahiblərinə qarşı, ümumiyyətlə bağlılığın olmadığını göstərirdi. Bəzi alimlər hətta deyirdilər ki, pişiklərin öz sahiblərindən zəhləsi gedir.
 
Dünya pişiksiz olanda…
 
“The Telegraph”ın məqaləsində itlər və pişiklər barəsində elmə məlum maraqlı faktlar da veilib. Məsələn belə düşünülür ki, pişiklər çətinliklərdən çıxmaqda itlərdən daha mahirdirlər.
Belə bir fikir də var ki, indiyədək 40 it növünün kökünün kəsilməsində pişiklər əsas rol oynayıblar. Alimlər düşünürlər ki, bunun bir səbəbi də pişiklərin itlərdən daha yaxşı ovçu olmalarındadır.
İtlərin hər hansı pişik növünü Yer üzündən sildiklərinə dair dəlillər yoxdur. Canavarların da daxil olduğu itkimilər ailəsi 40 milyon il bundan əvvəl Şimali Amerikada yaranıb. 20 milyon il sonra Amerika qitəsində artıq 30 it növü vardı. Məhz bu məqamda dünyada pişiklər peyda olub.
 
Odur ki, itlə pişiyin davası və sevgisinin 20 milyon illik tarixi var.
 
Stüardessaların “saçyoldusu” təyyarəni yerə endirdi
“The Express” qəzeti yazır ki, Delta Airlines hava şirkətinə məxsus təyyarədə iki bələdçi arasında “iş üstündə” düşən dava-dalaş təyyarənin təcili eniş etməsinə səbəb olub.
 
Kaliforniyadan Minnesotaya uçan təyyarə Yuta ştatında təcili eniş edib.
Təyyarə yerə endikdən sonra ehtiyat bələdçilərin gətirilməsinə görə 80 dəqiqə gözləməli olub.
Sərnişinlər deyirlər ki, iki həmkarını ayırmaq istəyən üçüncü stüardessa “vasitəçiliyinin” fayda vermədiyini görəndə dalaşanlardan birinə sillə vurub.
 
Məhz bundan sonra dava qarşısıalınmaz mərhələyə keçib.
 
Üzağardan hərəkət
 
“The Express” qəzetinin dərc etdiyi başqa bir xəbər isə elə həmin Delta Airlines şirkətinin üzünü ağarda bilər.
Şirkətin pilotlarından biri artıq uçuş xəttinə çıxmış təyyarəni yenidən körpüyə qaytarıb.
Buna səbəb Feniksdən Minneapolisə uçmaq istəyən bir ailənin reysə gecikməsi olub. Pilot təyyarənin pəncərəsindən gecikənlərin ağlaşmasını görübmüş.
 
Ailə üzvləri atalarının dəfn mərasiminə yollanırdılar. Onların təyyarəyə gecikməsinə səbəb isə onları Feniksə gətirən başqa bir təyyarənin 90 dəqiqə gecikməsi olmuşdu.
Qəzet yazır ki, övladlar xərçəngdən vəfat etmiş atalarının dəfninə vaxtında çatıblar.

Şərhlər

Çox oxunanlar