Ölümsüz şərbəti axtaran döyüşçü, imperator - araşdırma
30.05.2015 18:28 Maraqlı 1107
Çinin ilk imperatoru Çin Şı Huangın minlərlə əsgər tərəfindən qorunan və Terra Kotta əsgərləri kimi də tanınan məşhur qəbiristanlığından minlərlə heykəl tapılıb.
Arxeoloqlar Çinin Şaanşi əyalətində qazıntılar aparıblar. Tədqiqatlar zamanı qəbiristanlıqdan 1400 əsgər, 89 döyüş arabası və at heykəlləri tapılıb. Arxeoloq Yüan Congyi bir quyuda həm döyüş arabası, həm at, həm də əsgər heykəlləri varsa, bunun Terra Kotta ordusuna məxsus olduğunu deyib. Tapıntılar arasında döyüşçülərin yanında ox atmaq üçün diz çökmüş əsgər heykəllər də olub.
1994-cü ildə bu quyularda ilkin qazıntı işlərinə başlanıb. Qazıntılar zamanı parıltılı yaşıl rəngdə heykəl tapılıb. Ölümdən sonra imperatoru qorumaq üçün (bir növ mumiyalaşdırmaq) çəkilən boya təbəqəsi bölgənin quru iqlim şərtləri səbəbilə soyulub. 2008-ci ildə lazımi qədər heyət yığılsın deyə qazıntı işlərinə ara verilib. Arxeoloqlar isə bu dəfə daha tədbirli davranaraq quyudakı heykəlləri Şianın quru havasından qorumaq üçün “стрейч”lə sarıb-sarmalayacaqlar.
Yerin altında müharibəyə hazır 8000 əsgər
E.ə. 221-ci ildə Çin xanədanlığını quran İmperator Çin Şı Huangın Terra Kotta ordusu 1974-cü il martın 29-da Lintong bölgəsində quyu qazmağa çalışan fermerlər tərəfindən təsadüfən tapılıb. Həmin hadisə zamanı dörd quyu aşkar edilib. Bu quyuların ən böyüyündən çıxarılan 6 min torpaq əsgər arxeologiya dünyasını heyrətə gətirib. İkinci quyudan 120 süvari və oxatan heykəli, üçüncü quyuda general və digər yüksək rütbəli əsgərlərə bənzəyən uzun heykəllər çıxarılıb. Dördüncü quyu isə boş olub. Yəqin bekarçılıqdan qazıblar onu. Ümumilikdə həmin quyulardan 8 min əsgər, 130 döyüş arabası, 520 at və 150 də süvari atı heykəli tapılıb.
Əsgərlər imperatorun mavzoleyini dövrün döyüş nizamına və strategiyasına uyğun olaraq şərqdən gələn təhlükələrdən qorunmaq üçün 1,6 kilometr şərqdə tikiblər. Bu cür strategiyalardan biri Çin səddində də özünü göstərib.
Gerçək insan heykəlləri
Təxminən 700 min işçi sözügedən nəhəng məzarı hazırlamaq üçün 37 il dayanmadan işləyib. E.ə. 210-cu ildə 50 yaşında ölən imperator Çin Şı Huangın qəbri yeraltı məkanın düz ortasındadır, lakin hələ ki, onun qəbri açılmayıb.
İnsan boyda hazırlanan əsgərlərin hər birinin yanında minlərlə qılınc və nizə tapılıb. Paslanmasın deyə silahların üstü xüsusi kimyəvi maddə ilə örtülüb. Heykəlləri 3D formasında, xüsusilə qulaqlarını araşdıran elm adamları hər bir heykəlin bir-birindən tamamilə fərqli qulaq quruluşuna sahib olduğunu bildiriblər. Buna görə də heykəllərin gerçək insanlardan ilhamlanaraq hazırlandığı düşünülür. Torpaq əsgərlərin necə hazırlandığı isə ayrı məsələdir. Çünki onlar dövrün texnologiyasını qabaqlamışdılar. Hər bir heykəl gildən hazırlanıb və 300-900 dərəcədə bişirilib.
Ölümdən qorxaraq ölümsüzlük eliksirini axtaran imperator
Adını tarixə “ilklərin imperatoru” kimi yazdıran Çin Şı Huang bölgədəki etnik Çin qruplaşmalarını birləşdirərək bütöv dövlət damı altında yığıb. Ən önəmlisi isə hər kəs üçün etibarlı qanunlar, yeganə yazı dili, ortaq pul vahidi və ölçü vahidlərini tətbiq etməyi bacarıb. Ölkəni yollar və kanallarla təchiz edən imperator dünyanın ən uzun divarı olan Çin Səddinin də təməlini də şəxsən özü atıb.
İmperator Çin ölümdən qorxduğu üçün sonsuzluğa çatmağa çalışırdı. Bunun üçün də əfsanələrə inanaraq eliksir axtarırdı. Çin sonsuz həyat bəxş edəcəyinə inandığı həblərdən dayanmadan istifadə etdiyi üçün sadəcə 50 yaşında ölkənin şərqinə səfər edərkən vəfat edib.
Hər halda onun ölümsüzlüyü tapdığını da deyə bilərik. XXI əsr və eramız... Və Çinin qurucusu haqqında... Ölümsüz deyilmi?
Namiq Murad
Şərhlər