Süni mayalanma pulsuz olacaq
15.02.2016 23:07 Maraqlı 1580
Azərbaycanda ekstrokorporal (süni) mayalanma üçün yalnız ata və ananın hüceyrələrindən istifadə ediləcək. Bu artıq "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin təkmilləşdirilmiş variantında da əksini tapıb.
Uzun illərdir müzakirə olunan "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunun qəbulunun gecikməsinə bəzi faktorların təsirinin olduğunu vurğulayan Kəpəz televiziyasının (Region TV) "Bu həftə" verilişinin qonağı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu sahənin ən problemli məqamının ekstrokorporal (süni) mayalanma ilə bağlı olduğunu vurğuladı:
"Millət vəkillərinin bir qrupu və din alimləri bu məsələnin əleyhinədirlər. Müsəlman ölkələrinin çoxunda ekstrokorporal mayalanma yalnız nikaha daxil olmuş ər və arvadın hüceyrələri vasitəsilə həyata keçirilir. Bu məsələ uzun müddət müzakirələrə səbəb oldu və qərara gəlindi ki, Azərbaycanda da ekstrokorporal (süni) mayalanma üçün yalnız ata və ananın hüceyrələrindən istifadə edilsin".
Qanun layihəsinə əsasən, süni mayalanma üçün yalnız ata və ananın hüceyrələrindən istifadə ediləcək. Cütlüklərin hər hansı birinin sağlamlığında problem olarsa isə onlar donor vasitəsilə uşaq sahibi olmağı yalnız başqa ölkələrdə həyata keçirə bilərlər.
Musa Quliyev: "Burada seçim cütlüklərin ixtiyarına verilir. Belə ki, onlar öz qohumlarının və ya uşaq evlərindən uşaq övladlığa götürə bilərlər. Yaxud da donor vasitəsilə mayalanmanı xaricdə həyata keçirə bilərlər. Donor vasitəsilə mayalanma mənəvi baxımdan dəyərlərimizə ziddir".
Süni mayalanma ilə bağlı əməliyyat dünyada ilk dəfə 1978-ci ildə aparılıb. Rusiyada isə bu proses 1986-cı ildə həyata keçirilib. Hal-hazırda ölkədə süni mayalanmanın aparılması olduqca bahadır. Buna səbəb aparatların xaricdən gətirilməsi, qadın və kişinin müalicəsi üçün tələb olunan dərmanların baha olmasıdır. Məhz bu faktorların hər birini nəzərə alaraq studiya qonağımız Gəncə Nikah və Ailə Mərkəzinin həkimi Raya Məmmədova bildirdi ki, Gəncədə süni mayalanmanı həyata keçirmək mümkün deyil.
Raya Məmmədova - Gəncə Nikah və Ailə Mərkəzinin həkimi: "Gəncədə heç bir tibbi idarə bu işlə məşğul olmur. Bəlkə də gələcəkdə elə bir imkan, şərait yaranar ki, səhiyyəmizin qüdrəti, təchizatı artar və bu yolla Gəncədə də süni mayalanmanı həyata keçirmək mümkün olar".
Bütün hallarda təbii yolla valideyn ola bilməyən cütlüklər süni mayalanma yolu ilə övlad sahibi ola bilərlərmi? Bu sual da günümüzdə hər kəsi düşündürən və bu yolla valideyn olmaq istəyənləri maraqlandıran ən mühüm məsələdir. Həkim Raya Məmmədovanın bu barədə dedikləri olduqca vacibdir.
Raya Məmmədova: "Ekstrokorporal mayalanma 100% həyata keçmir. Ekstrokorporal (süni) mayalanma aparılan qadınlarda dölü saxlamaq üçün terapiyalar aparılır. Bəzən olur ki, döl ana bətninə köçürüldükdən sonra düşüklər əmələ gəlir. Bəzi hallarda əkiz hamiləliklər əmələ gəlir. Bunların hər birinə qarşı qadın mütəmadi olaraq müayinə olunur. Bütün bunlara baxmayaraq, ədəbiyyatlarda da yazıldığı kimi bu mayalanmanın bəzən 35%-i, bəzən isə 55%-i uğurla nəticələnir".
Ekstrokorporal mayalanma ilə bağlı hazırlanan qanun layihəsində belə bir müddəa nəzərdə tutulub ki, ancaq 10 il ərzində uşağı olmayan ailələrə bir dəfə dövlət tibb müəssisələrində dövlət vəsaiti hesabına süni mayalanma həyata keçirilsin. Bundan başqa ölkədə bir ildən sonra icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Ekstrokorporal müayinənin də bu proqrama qoşulması ilə kasıb ailələr də övlad sahibi ola biləcək. M.Quliyev əlavə edib ki, qanun layihəsinin hazırkı variantında ekstrokorporal mayalanmanın həm dövlət, həm özəl, həm də bələdiyyə klinikalarında tətbiqinə icazə verilir. Amma Səhiyyə Nazirliyi bununla razılaşmayaraq, ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirmə səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini təklif edir:
Musa Quliyev: "Bu, doğru yanaşmadır. Çünki özəl və bələdiyyə klinikalarında bunun üçün lazımi şərait olmaya bilər. Bu baxımdan həmin xidmətin göstərilməsi üçün lisenziyanın verilməsi məsələsinin hökumətin səlahiyyətinə verilməsi düzgündür".
Bundan başqa Musa Quliyev bildirdi ki, "Reproduktiv sağlamlığın qorunması haqda" qanun layihəsində ekstrokorporal mayalanma yalnız bir müddəadır. Burada əsas məqam insanları maarifləndirmək, heç də sonsuzluğun yalnızca qadından qaynaqlanmadığını, burada faiz nisbətinin kişi və qadın arasında yarıbayarı olduğunu insanlara anlatmaqdan ibarətdir: "Ekstrokorporal mayalanma "Reproduktiv sağlamlığın qorunması haqda" qanun layihəsində əsas müddəa deyil. Əsas müddəa sonsuzluğun profilaktikasına, cinsi həyatın tərbiyəsinə, kişilərin cinsi sonsuzluğunun aradan qaldırılmasına yönəlir. Belə ki, son dövrlərdə aparılan araşdırmalar da bir daha sübut edir ki, sonsuzluqda kişilərin iştirakı da qadın qədərdir. Yəni bu 50%-in 50%-dir".
Milli.az
Şərhlər