6 gün Azərbaycana rəhbərlik etmiş “Delta”nın sirri - TARİX

15.02.2016 23:48     Maraqlı     2366

“Söhbət Bakıdan düşəndə, fikrə getdi, heç nə demədi” 
 

Zadəgan nəslindən idi. Atası nəinki Peterburqda, çar Rusiyasında barmaqla göstərilən vəkillərdən sayılırdı. O dövrün ən səsli-küylü məhkəmə proseslərində iştirak edən Dmitri Stasovu hətta imperatorun sarayında belə tanıyırdılar.

 

6 uşağı vardı Dmitri Stasovun. Beşincisi qız idi. Anasının adını vermişdi bu qıza: Yelena...

 

***

 

 

Bakı, 1920-ci il. ADR devrilib, ölkə bolşevik işğalına məruz qalıb. İyul ayının 19-da Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsində büro iclası keçirilir. Həmin ərəfədə, yəni aprel çevrilişindən sonra azərbaycanlıların əsas rəhbər vəzifələrə çəkilməsi son dərəcə çətin idi. Rəhbərlikdə ruslar, gürcülər və ermənilər daha çox yer tuturdular. Bu, Leninə də sərf edirdi. Amma buna baxmayaraq, büroda tək-tük də olsa, “beynəlmiləlçi” azərbaycanlı kommunistlərə də rast gəlmək olurdu. Həmin gün, yəni iyulun 19-da MK-nın Siyasi Bürosuna həm də seçkilər keçirilməliydi. Seçki deyəndə ki, əslində kimin seçiləcəyi əvvəldən bəlli idi. Tələsik səsvermədən sonra Siyasi Büroya aşağıdakılar seçilir: N. Nərimanov, V. İ. Naneyşvili, M. D. Hüseynov, A. İ. Mikoyan, V. Lominadze, Sarkis (S. A. Danielyan), K. F. Sturua, D. X. Bünyadzadə, Ə. Qarayev  və Y.Stasova. Yaşı az qala əlliyə çatan Stasovanın Büroya düşməsi isə çoxları üçün gözlənilməz idi. Tərəddüd etmək,  niyəsini soruşmağa isə heç kimin cürəti çatmamışdı. Çünki onu bura Lenin göndərmişdi. Özü də Stalinin məsləhətiylə…

 

Kim idi axı bu qadın?

Ondan niyə çəkinirdilər?

Və nəhayət, biz niyə ondan bəhs edirik ki?

 

Hə, dedik axı, atası  zamanların çox tanınmış vəkili olub. Anası isə sıradan bir müəllimə, gimnaziyada rus dili və ədəbiyyatından dərs deyirmiş.

13 yaşınadək balaca Lenaya evdə dərs deyiblər. 1887-ci ildə isə atası onu Taqansovanın qadın gimnaziyasına aparır. Özü də birbaşa 6-cı sinfə. Bu fitri istedadlı qız 3 il sonra həmin gimnaziyanı qızıl medalla bitirir. 

17 yaşındaykən ona rus dili və tarixindən dərs keçmək icazəsi verilir. Stasova bazar günü məktəbində dərs deməyə başlayır. 3 il keçir. Hər şey öz axarı ilə gedən vaxtda… qəfil bir tanışlıq onun bütün həyatını dəyişir. Günlərin bir günü onun dərs dediyi məktəbə başqa bir rus dili müəlliməsi də təyin olunur. Elə ilk gündən onların dostluğu başlayır. Yeni gələn müəllimə isə Nadejda Konstantinovna Krupskaya idi. O Krupskaya ki, hələ 5 ildən sonra Leninlə tanış olacaq, proletariatın gələcək rəhbəriylə kilsə nikahına girəcəkdi. Elə həmin ildə də gələcək Kommunist Partiyasının rüşeymi olan RSDFP-nin üzvü olacaq, leqal, gizli fəaliyyət göstərəcək, həbs, sürgün həyatı yaşayacaq və… Və demək olar ki, eyni aqibəti bu zadəgan qıza da yaşadacaqdı. Amma hələ ki, onlar rəfiqədirlər, bir yerdə fəhlələr üçün nəzərdə tutulan axşam kurslarında dərs deyirlər...

 

***

 

... Krupskaya qısa zamanda Yelenanı siyasi fəaliyyətə cəlb edir. 1898-ci ildən Stasova “Fəhlə sinfinin azadlığı üçün mübarizə ittifaqının” fəal üzvünə çevrilir. 1901-ci ildə isə o,  bolşevik qəzeti olan “İskra”nın fəhlələr arasında yayılmasında böyük rol oynayır. 3 ildən çox imperiyanın bir çox şəhərlərində, Sankt-Peterburq, Oryol, Moskva, Minsk, Kiyev, Samarada gizli partiya fəaliyyəti ilə məşğul olur. Və nəhayət, 1904-cü ildə çar xəfiyyələri tərəfindən ifşa olunaraq həbsə atılır. 31 yaşlı Yelena həbsdə 6 ay qalır. Həbsdən çıxandan sonra isə Lenin və Krupskayanın təkidiylə İsveçrəyə köçür. İsveçrədə mühacirət həyatı yaşayır. Və boş da dayanmır. Berndə “Proletatirat” adlı qəzet də dərc edir.

 

Bu dəfə Lenin ona başqa məsuliyyətli tapşırıq verir. 1906-cı ilin fevralından başlayaraq Finlandiyadan silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olmağa başlayır. Amma bir neçə aydan sonra ələ keçir. Bolşeviklər isə onu darda qoymurlar. Çar imperiyasının məhkəmələrinə verilən külli miqdara rüşvət müqabilində “Absolyut” azadlığa çıxır. Hə, təəccüblənməyin, “Absolyut” onun çoxsaylı bolşevik ləqəblərindən biri idi. Eləcə də "Quşa", "Varvara İvanovna", "Delta"…

 

1907-ci ildə Stasovanı Tiflisə göndərirlər. Nə az, nə çox, düz 5 il Tiflisdə yaşayır, bolşevik təbliğatıyla məşğul olur. 1912-ci ilin iyulunda Tiflisdən Peterburqa gəlib valideynlərini ziyarət etmək istəyir. Elə valideynlərinin mənzilindəcə həbs edilərək, Sibirə sürgün olunur. Stasova Qafqazlara bir də 8 il sonra gələcəkdi. Amma bu dəfə başqa statusda...

 

 

***

 

1920-ci il. Stasova xüsusi tapşırıqla Bakıya gəlir. O, Şərq Xalqlarının 1-ci Qurultayının qeyri-rəsmi təşkilat rəhbəri kimi hazırlıq işləri ilə məşğuldur. Qurultay öz işinə sentyabrın 1-i başlayıb, ayın 8-i bitirməliydi. Amma qurultayın gedişində, Rəyasət Heyətində oturan Stasovanı kulisə çağırırlar. Moskvadan gələn teleqramı göstərib, şəxsən Vladimir İliçin əmridir deyirlər.

 

Teleqram elə qurultaydaca oxunur: “Yelena Dmitrevna Stasova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri təyin olunur”. Zalda istər-istəməz alqış qopur. Leninin əmrinə, özü də illərin sınağından çıxmış Stasovaya kim yox demək cəsarətində olacaqdı ki?

 

Amma… Amma tarixin ironiyasıydı, nədi, Stasova bu postda vur-tut 6 gün qalır. Sentyabrın 9-u vəzifəyə təyin olunun Stasova 15-də geri Moskvaya çağırılır. O, Şərq Xalqları üzrə komissar vəzifəsinə təyin edilir. Əslində, onun bundan sonrakı taleyi, necə deyərlər bioqrafiyasının bizim üçün, Azərbaycan oxucusu üçün heç bir əhəmiyyəti yoxdur. Amma bircə onu deyək ki, Stasova çox yaşayır, 1966-cı ilin son günü, dekabrın 31-də 93 yaşında Moskvada vəfat edir. Tək-tənha bir şəraitdə.

 

Ölümündən bir neçə gün əvvəl Lenin dövrundən və Stalin repressiyalarından sağ qalmış tək-tük klassik bolşeviklərdən olan Stasovanı başqa bir köhnə kommunist, Anastas Mikoyan ziyarət edir. Mikoyan xatirələrində yazırmış ki, biz hər şeydən danışdıq. Bütöv bir dövrdən, Serqodan (Orjenikidze) tutmuş Sergey Mironoviçə (Kirov) qədər hamıdan. Söhbət Bakıdan düşəndə mən ona  6 gün sürən rəhbər dövrünü də xatırlatdım.  Nə baş verdi ki, sizi geri çağırdılar dedim. Fikrə getdi. Heç nə demədi. Mən də soruşmadım”.

 

Hə, niyə məhz 6 gün? Bu məqama heç bir tarixi ədəbiyyatda rast gəlmək mümkün deyil. Heç bir mənbədə yoxdur. 6 günün sirri 50 il bundan əvvəl onunla birgə getdi…

Lent.az

 
 
 

 

 

Şərhlər

Çox oxunanlar