Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub - FOTOLAR

16.02.2016 11:48     Maraqlı     1507

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə icra etdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində İctimai Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilib.

Fevral laboratoriyası “təbiətə sevgi” mövzusuna həsr olunub. Təlim zamanı “kiçik ekoloqlar”a vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi, qida zənciri barədə geniş məlumat verilib, onlara heyvanlar barədə maraqlı faktlar izah olunub.

Təlimin gedişində uşaqlar, həmçinin əyani şəkildə dovşan, tutuquşu, tısbağa, dəniz donuzcuğu kimi heyvanlarla tanış olub, onları yemləmək və qayğılarına qalmaq imkanı əldə ediblər.

Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlardan təbiəti daha yaxşı qavramaları, heyvanlara daha qayğıkeş münasibət bəsləmələri baxımından əlamətdar olub.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

Maraqlananlar IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil edilən “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı əlaqə saxlaya bilərlər (497-63-16).

 

 

(AZERTAC)

Şərhlər