Ekspertlər: “XXI əsr “depressiya və intihar” əsridir”

16.02.2016 12:50     Maraqlı     1492

Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intihar” əsri adlandırıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyada hər il 60 milyon insan intihara cəhd edir və 1 milyon insan özünə qəsd edərək həyatına son qoyur. Qurumun hesabatlarında o da qeyd olunur ki, getdikcə intihar halları daha da artacaq. Hətta proqnoza görə, 2020-ci ilə qədər özünəqəsd nəticəsində ölənlərin sayı yol qəzasında ölənlərin sayından daha çox olacaq.

Azərbaycan da əhalinin intihar hallarına görə digər ölkələrdən geri qalmır. Belə ki, 2014-cü ildə ölkədə 515 nəfər intihar edib. Bunlardan 19-u yeniyetmə olub. Rəsmi statistika göstərir ki, Azərbaycanda hər 100 min nəfərdən 10-u özünə qəsd edir. 2015-ci ilin statistik məlumatları isə hələ açıqlanmayıb.

Statistikaya görə, intihar halları kişilərdə qadınlarla müqayisədə daha çoxdur. Peşələrə görə təsnifatda isə jurnalistlər, polislər, hərbçilər və əczaçılar arasında özünə qəsdə daha çox rast gəlinir. Bu da təbii ki, stresslə bağlıdır. Stress, gərginlik, sosial problemlər isə birbaşa intihara gətirmir. İntihara gedən yol depressiyadan keçir.

Dünya Psixiatriya Assosiasiyası və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında intihara gedən əsas yollardan biri kimi depressiya qeyd olunur.

İnsanların əksəriyyəti depressiya ilə bir neçə günlük əhvalsızlığı səhv salıb buna qeyri-ciddi yanaşsa da depressiya xəstəlik hesab olunur. Bunun da bütün xəstəliklər kimi özünəməxsus əlamətləri və müalicə üsulları var. Ekspertlər deyir ki, insanın depressiyada olduğunu dəqiqləşdirmək üçün bir neçə əlaməti ən azı 2 həftə müşahidə etmək lazımdır. Bu əlamətlərdən əsas 3-ü isə bunlardır; əhvalın pis olması, hər şeyə marağın itməsi və enerjinin tükənməsi. Digər əlamətlər isə depressiyada olan adamda iştahın zəifləməsi, yuxusuzluq, özünü çox aşağı qiymətləndirmək və ümidsizlik yaranması hallarının gözə dəyməsidir.

Adının açıqlanmasını istəməyən xanım həmsöhbətim deyir ki, bir neçə il əvvəl o da eynilə bu vəziyyətlə üzləşib. Mütəmadi olaraq əhvalı pis olan bu xanım heç nədən zövq ala bilmədiyini, nə yeməyin, nə də yuxunun ona yaxşı təsir etmədiyini deyir:

Bu əhvalda olmaq həm çox çətin, həm də çox qəribədir. İnsan ətrafındakı heç nədən zövq ala bilmir, çünki hər şey ona mənasız gəlir. Düşünürsən ki, filan şey belədir, niyə, nə mənası var axı? Hər şey o qədər mənasızlaşır ki, gələcəyə ümid də itir. Nəyinsə yaxşı olacağına, düzələcəyinə ümidin ölür”.

Çoxları kimi həmsöhbətim də əvvəlcə olduğu vəziyyətə etinasız yanaşsa da, dostlarının məsləhəti ilə psixoloqa getməyə qərar verir:

Etiraf edim ki, bəzən intiharı da düşünürdüm. Fikirləşirdim ki, hər şey bu qədər mənasızdırsa, heç nədən zövq ala bilmirəmsə, yaşamağımın da bir mənası qalmır, amma özümdə həyatımı bitirəcək cəsarəti tam olaraq tapa bilmirdim deyə belə yaşamağa davam edirdim. Sonradan dostlarımın təkidi ilə psixoloqa getdim. Həm onunla söhbət, həm də müalicə bir müddət sonra öz təsirini göstərməyə başladı və mən indi özümü daha yaxşı hiss edirəm”.

Psixoloq Azad İsazadə virtualaz.org-a açıqlamasında bildirib ki, depressiyada olduğu aşkarlanan adam mütləq peşəkar köməyinə müraciət etməlidir:

“Depressiyanın bir neçə növü var və bunları ancaq peşəkarlar bir-birindən ayıra bilər. Depressiya hansısa fiziki və psixoloji xəstəliyin çərçivəsində simptom kimi də meydana çıxa bilər. Bunu da peşəkarlar ayıra bilər. Depressiv simptomlarla depressiya xəstəliyi başqa şeylərdir. Belə ki, depressiv simptomların yüngül forması sağlam insanda da hansısa situasiyada rast gəlinə bilər. Məsələn, kiminsə sevimli futbol komandası məğlub olur və həmin azarkeş bir neçə saatlıq, bəlkə də bir neçə günlük dilxor olur. Bu, təbii ki, depressiya deyil. Bu halı hamı yaşaya bilər və bu, çox normaldır. Çünki daim şən olmaq olmaz, insan daima şəndirsə, bu da anormallıqdır.

Amma insan uzun müddət depressiv haldan çıxa bilmirsə və bunun üçün ciddi bir səbəb yoxdursa, artıq bu mərhələdə xəstəlik olaraq depressiyadan danışmaq olar. Belə olan halda mütləq bizim köməyimiz lazımdır ki, həm tibbi, həm də psixoloji müalicə ilə xəstə bu vəziyyətdən çıxsın”.

Psixoloqun sözlərinə görə, depressiyanın ən çox rast gəlinən əsas əlaməti əhvalsızlıq, işgüzarlığın zəifləməsi və heç nədən zövq almamaqdır:

“Əgər bunlar uzun müddət davam edirsə, digər əlamətlər də üzə çıxmağa başlayır. Hətta çox vaxt xəstənin dadbilməsini itirmə hallarına rast gəlinir ki, o, yediyi yeməklərdən zövq ala bilmir”.

A.İsazadə onu da vurğulayıb ki, depressiya birmənalı olaraq intiharla nəticələnə bilər:

Adətən, insan depressiyada olanda ona elə gəlir ki, çıxılmaz vəziyyətdədir. Depressiv halda olduğuna görə, ona elə gəlir ki, ən düzgün çıxış yolu özünü öldürməkdir”.

 

(Virtualaz.org)

Şərhlər

Çox oxunanlar