Diş fırçası seçərkən nələrə diqqət yetirməliyik?

17.02.2016 15:37     Maraqlı     2462

Diş fırçası seçərkən nələrə diqqət yetirməliyik?
Diş fırçası seçmək ən vacib işlərdən biridir. Fərdi olaraq hər kəsin öz dişi və diş ətinə uyğun olan diş fırçası seçilməlidir. Bu daha çox mütəxəssis həkim tərəfindən məsləhət görülməli və hər kəsin dişinə uyğun seçilməlidir. Düzgün seçilməmiş diş fırçası əslində diş ərpini təmizləmir, dişin üzərində olan mina qatını zədələyir. Diş fırçasını bizim dişimizə uyğun olaraq yumşaq, orta və sərt fırçalar seçilməlidir. Dişlər sıx olarsa xırda tüklü diş fırçalarından istifadə etmək lazımdır. Hərəkətli, diş əti üçün masaj xarakterli diş fırçaları vardır. Diş fırçası fərdi olaraq seçilməlidir. Ağızda diş daşı çoxdursa və yumşaq fırçadan istifadə edəriksə, bunun heç bir faydası olmaz. Diş təmizlənməz və dişin üzərində zamanla toplanan ərp dişlərin kontakt hissəsinə yığılar  və rənglənmə əmələ gətirər. Daha sonra diş əti çəkilmələrinə səbəb olar. Diş fırçalarının özəllikləri bununla qurtarmır. Diş fırçalarının uc hissələri dişin mina hissəsinə toxunduğu üçün fırşanın uc hissələri daha keyfiyyətli hazırlanmalıdır. Keyfiyyətsiz olduğu zaman dişin üzərində cızıqlar əmələ gəlir və gələcəkdə minanın keyfiyyətini aşağı salır.

Diş fırçasının forması necə olmalıdır?
Diş fırçasının formaları istifadə edildiyi yerlərə görə dəyişir. Bəzi diş fırçaları var ki, bunlar ancaq diş aralıqları üçün nəzərdə tutulub. Pasientlərdə qapaq istifadə edildiyi zaman xüsusi formalı diş fırçaları var ki, bunlar diş qapaqlarının arasına keçir və təmizləyir. Bundan əlavə, implant dişlərdən istifadə edən pasientlər üçün isə özünəməxsus diş fırçalarından istifadə edilir. Bu fırçalar ön dişlər üçün və arxa dişlər üçün fərqli formalarda ola bilər. Bunların ölçüsü dişlərin formasına görə dəyişə bilər. Bu fırçalar forması və ölçüsünü istifadə edildiyi yerə görə dəyişə bilər.

Diş fırçası hansı sıxlıqda dəyişdirilməlidir?
Günümüzdə daha çox sintetik fırçalardan istifadə olunur  və bu fırçalar bir müddətdən sonra öz keyfiyyətini itirir. Hər dəfə dişlər yuyulduqdan sonra mütləq diş fırçaları təmizlənməlidir və xüsusi qablarda saxlanmalıdır. Açıq şəraitdə qaldıqda sintetik olduğu üçün diş fırçalarının üzərinə mikrobların toplanması daha tez baş verir. Məsləhət görülür ki, hər 3 aydan bir diş fırçaları dəyişdirilsin. Diş fırçalarının forması və tükcüklərinin tərkibi mütləq həkim tərəfindən seçilməlidir.

Uşaqlar üçün diş fırçası alarkən nələrə diqqət edilməlidir?
Uşaqlar artıq süd dişləri çıxmağa başlayandan 2 yaşına qədər bir müddətdə artıq stomatoloq yanında müayinədən keçməlidirlər. Bundan sonra uşaqlarda diş təmizliyinə başlamaq olar. Bu zaman uşaqlarda diş təmizliyi zamanı nəyə fikir vermək lazımdır? Uşaqların diş fırçası və diş pastası seçiminə xüsusi önəm verilməlidir. Uşaqlar üçün istehsal olunan xüsusi diş fırçaları vardır və bu diş fırçalarının tükcüklərində xüsusi flor olur və tükcüklər daha incə olur. Çünki uşaqlar üçün istehsal olunan fırçalar sərt və uzun tükcüklü olsa, uşaqlarda diş əti xəstəlikləri əmələ gətirə və xüsusi qıcıqlandırıcı təsiri ola bilər. Buna görə uşaqlara fırça seçərkən uşaqların yaşı, çıxan yeni dişləri və dişlərinin forması nəzərə alınmalıdır. Uşaqların dişlərində bəzən əyilmələr olur və standart diş fırçaları bu dişləri təmizləyə bilmir. buna görədə uşaq stomatoloqlarının yanında olmaq məsləhətlidir ki, diş fırçaları həkimlər tərəfindən seçilsin.

Dişi daha düzgün necə firçalamaq lazımdır?
Dişləri düzgün fırçalama qaydaları vardır. Bəzən pasientlər dişləri daha sürətli və qısa müddətə fırçalayırlar. Bu isə düzgün deyil. Düzgün fırçalama zamanı fırçalama prosesi bir istiqamətli olmamalıdır. Bir istiqamətli olduğu zaman iki diş arasında olan ərplər təmizlənmir və gələcəkdə diş əti problemlərinin yaranmasına səbəb olur. Dişlər ən azı 3 dəqiqə fırçalanmalıdır. 3 dəqiqə müddətində diş pastaları dişlər arasına keçib onu təmizləyə bilir. Bu vaxt 3 dəqiqədən az olduqda təmizlənmə baş verə bilmir. Bu zaman dişləri fırçalamağımızın elə bir əhəmiyyəti olmur. Ön dişləri bir istiqamətli təmizlədikdən sonra dairəvi formada və ya yuxarı-aşağı hərəkətlər edilməklə təmizlənmə edilməlidir.  Arxa dişlər üçün isə çeynəmə yerləri təmizlənməklə yanaşı, həmdə diş fırçası dairəvi və yuxarı-aşağı hərəkətlər etdirilməklə təmizlənməlidir. Bundan əlavə diş daşı əsasən ağız suyunun hərəkəti zamanı ön və arxa dişlərin arxa tərəfində toplanır. Ona görədə ön hissədə tətbiq etdiyimiz bütün fırçalama qaydaları arxa  tərəfdədə  eyni şəkildə tətbiq edilməlidir

Qeyd: Bəzi kəslər də var ki, çox şeyin təmiz olmasına fikir verərlər bircə dişlərindən başqa...
Unutmayın insanın sağlamlığı ağız boşluğundan başlayır...

 

(Qadinlar.biz)

Şərhlər

Çox oxunanlar