MP3 formatı barədə maraqlı faktlar
22.02.2016 15:26 Maraqlı 1576
Çoxlarına tanış olan sevimli MP3 audio formatı barədə, onun yaranma tarixçəsi və sairə maraqlı məlumatları bu məqaləmizdə sizinlə paylaşmaq istərdik. MP3 (daha dəqiq desək, ingiliscə əsl texniki adı MPEG-3 deyil, MPEG -1/2/2.5 Layer 3 adlanır) – MPEG komandası tərəfindən hazırlanmış, audio məlumatların saxlanılması üçün istifadə edilən lisenziyalı format, üçüncü səviyyəli kodekdir.
MP3 səs məlumatlarının itkili olaraq rəqəmsal kodlaşdırılması üçün istifadə edilən ən populyar və geniş yayılmış formatlardan biridir. Ondan məlumat mübadiləsi şəbəkələrində musiqi parçalarının qiymətləndirilməsi zamanı geniş istifadə edilir. Bu format faktiki olaraq bütün kompüter əməliyyat sistemlərində, əksər daşınan audiopleyerlərdə, eyni zamanda bütün müasir musiqi mərkəzlərində və DVD pleyerlərdə dəstəklənir.
Müasir dövrdə audio kasetlər çoxdan unudulub. İnsanlar musiqiyə rəqəmsal formatda qulaq asırlar. Lakin çox az adam bu formatın necə kəşf edildiyini və hansı məna kəsb etdiyi barədə maraqlanır. Gəlin birlikdə MP3 barədə bəzi maraqlı faktlara nəzər salaq.
İlk dəfə bu format fizik Alfred Mayer tərəfindən kəşf edilib. O səsin audio maskalanması kimi tanınan bir təzahürlə rastlaşır. Audio maskalanma zamanı bir səs digər səs tərəfindən sıxışdırılır. Məhz bu prinsip MP3 formatının yaradılmasının əsasını təşkil edir. Bu da sizə ilk maraqlı fakt. İlk dəfə olaraq MP3-dən səs məlumatlarının arxivləşdirilməsi və saxlanılması məqsədilə istifadə edilirdi. Sonradan isə onu artıq musiqi parçalarının oxutdurulması üçün tətbiq etməyə başladılar.
Bu formatın yuxarıda adı çəkilən fizik tərəfindən kəşfi əsasında ilk MP3 kodek formatı keçən əsrin 1979-cu ilində təqdim edilmişdi. Buna görə də bu “texniki yeniliyin” də öz tarixçəsi var. O zaman bu formatdan insan səsinin yazılması və saxlanılması məqsədilə istifadə etmək qərara alınmışdı. Lakin bu sahədə üzə çıxan bir sıra problemlər bu formatla işi bir sonrakı mərhələyə qədər təxirə saldı.
MP3 barədə digər maraqlı fakt ondan ibarətdir ki, onun vasitəsilə musiqi parçasını sıxıb bir CD-yə və ya digər məlumat daşıyıcısına daha çox mahnı parçası yazmaq mümkündür. Bu format eyni həcmdə daşıyıcıya keyfiyyəti hiss olunmayacaq dərəcədə aşağı salmaqla 14 dəfədən çox məlumat yazmağa imkan verir. Buna görə də formatın əvəzedilməzliyi danılmaz bir faktdır.
Keyfiyyət itmədən məlumatların sıxılması necə baş verir? Burada yenə də səslərin maskalanması barədə müəyyən edilmiş kəşf köməyə gəlir.Yuxarıda qeyd etmişdik ki bir səs digərini sıxışdıra bilir. Biz sadəcə olaraq digər daha gur səslənən səs tərəfindən sıxışdırıldığı zaman səsləri eşitmirik. Buna görə də MP3 formatı bizim onsuz da eşitmədiyimiz səsləri sadəcə olaraq silir. Necə deyərlər artıq olanı təmizləyir, redaktə edir. Buna görə də daşıyıcıda boş yer əmələ gəlir ki, buraya da bizim sizinlə eşidə biləcəyimiz səslər yazılır.
Buna görə də, obyektiv yanaşsaq, MP3 musiqinin keyfiyyətini aşağı salır, lakin siz bunu hiss etmirsiniz, çünki onsuz da kodekin sildiyi səsləri eşitmirsiniz. Amerikanların dediklərinə görə, əgər bilmirsənsə bu sənin xətrinə toxunmaz. Siz bəlkə də bütün səsləri eşitmədiyinizə üzüləcəksiniz, lakin düşünürük ki bu formatdan çox rahat olduğuna görə istifadə etməkdə davam edəcəksiniz. Halbuki əksər keyfiyyətli səsə qiymət verən insanlar artıq çoxdan ape, flac və sairə kimi itkisiz səs formatlarına üstünlük veriblər.
(Maraqli.info)
Şərhlər