Yeniyetmələr niyə cinayət törədirlər?
23.02.2016 15:25 Maraqlı 2190
“Yeniyetmələr arasında oğurluq hallarının artmasında valideynlər və məktəb günahkardır. Son müşahidələr göstərir ki, uşaqlara ailə nəzarəti azalıb, bunun əksinə olaraq isə yad təsirlər çoxalıb”.
Bunu deputat Elmira Axundova son zamanlar oğurluq edən yeniyetmələrin sayının artmasına münasibət bildirərkən söyləyib.
Deputatın fikrincə, yeniyetmələr arasında oğurluq hallarının artmasına səbəb internet və xarici filmlərdir:
“Sovet dövründə uşaqlar üçün xeyirxah əməllərin təcəssüm olunduğu kino və cizgi filmləri var idi, tətillərdə uşaqlar ekskursiyalara, pioner düşərgələrinə aparılırdı, vaxtlarını səmərəli keçirirdilər. İndiki uşaqlar təklikdə və xarici təsirlərlə baş-başa qalıb”.
Elmira Axundova təhsil və tərbiyə cəhətdən yaxşı orta məktəblərin olduğunu da vurğulayıb:
“Düzdür, yaxşı məktəblər, orada təhsil alan kifayət qədər tərbiyəli uşaqlar da var. Amma erkən yaşlarından işə cəlb olunan uşaqların sayı da kifayət qədərdir. Avtobuslarda, şadlıq evlərində çalışan, dilənçilklə məşğul olan uşaqlarımız da az deyil. Küçələr belə uşaqlarla doludur. Problemin həlli üçün dəfələrlə Milli Məclisdə də məsələ qaldırmışam. Daxili İşlər Nazirliyi də mübarizə aparır. Amma yenə də küçələrdə kimsəsiz, asudə vaxtını pis vərdişlərə həsr edən uşaqlar çoxalmaqdadır. Hesab edirəm ki, bu sahədə kifayət qədər boşluqlar var. Həm təhsil müəssisələri, həm ailə, həm də qanunvericilik baxımından. Düşünürəm ki, Gənclər və İdman Nazirliyi də məsələyə biganə qalmamalıdır. Yeniyetmələrin müsbət şəbəkələrlə əhatə olunmasında mühüm qərarlar verilməlidir”.
Deputatın fikrincə, internet klublara nəzarət daha da gücləndirilməlidir: “Qaydaları sərtləşdirmək lazımdır. Həm də oranı işlədən şəxs özü baxmalıdır ki, komputer arxasında oturan 12, 13 yaşlı uşaq hansı saytlara girir, nəyə baxır.
Biz Milli Məclisin Sosial siyasət komitəsində “Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi” ilə bağlı qanun layihəsi hazırlamışıq. Payız sessiyasında onun qəbul olunacağı da gözlənilir”.
Uşaqlarda özünə güvən duyğusu azalıb
Psixoloq Elnur Rüstəmov isə düşünür ki, oğurluq edən yeniyetmələrin bir qisminin buna ehtiyacı yoxdur: “Nəzər yetirsək görərik ki, onların çoxu təmin olunmuş ailədən çıxıb. Amma adları oğurluq hadisələrində hallanır”.
Onun sözlərinə görə, bunun başlıca səbəbi birmənalı şəkildə özünütəstiqetmədir: “Araşdırma zamanı məlum olur ki, bu tip uşaqlar evdə özlərini təstiq və sübut edə bilmir. Nəticədə başqaları üçün faydalı olmağa çalışırlar. Məsələn, öz evindən oğurladığı pulu özgələrə xərcləməklə özgüvən qazanır, şüuraltı olaraq özünü yaxşı bir insan olaraq düşünür”.
Elnur Rüstəmov digər səbəb kimi yeniyetmələrdə özünə güvənmək duyğusunun aşağı olmasını qeyd edib: “Bəziləri oğurluğun yanlış davranış olduğunu bilsə də, bu cür əməli törətməklə özünə güvənmək duyğusunu artırmağa çalışırlar. Fikirləşirlər ki, bunu bacarırlar. Onu da nəzərə almaq lazımdır ki, söhbət insan psixologiyasından gedir”.
Məsələyə ümumi prizmadan yanaşan psixoloq bu cür problemin sırf ailə ilə bağlı olduğunu istisna etmir: “Ailə normal olduğu təqdirdə orada böyüyən uşaqlarda oğurluğa, digər qanunsuz əməllərə də maraq az olur. Uşaq bəzən oğurluq etməklə demək istəyir ki, mən böyümüşəm, bunun öhdəsindən gələ bilirəm. Yeniyetmə tez təsir altına düşür, fərqi yoxdur, qarşısındakı insan onu hansı istiqamətə çəkir. Artıq proses baş verəndən, həbs olunandan sonra pis bir işlə məşğul olduğunun fərqinə varır. Yeniyetmə şəxsiyyət olaraq formalaşmamış insandır. Övladlarının yeniyetməlik dövründə valideynlər daha çox diqqətli olmalıdır. Yeniyetmələrin psixologiyası fərqlidir, onları gözləmək, qorumaq lazımdır. Çünki yeniyetmələr hər cür qeyri-standart hərəkətlər edə bilərlər”.
(Modern.az)
Şərhlər