“Heydər Əliyev "Azərbaycan Ordusu" qəzetini əlimdən alıb otağın o biri başına tulladı və...”

28.02.2016 23:06     Maraqlı     2679

 


 

Ümummilli liderimiz Heydər Əliyevlə Moskvada, Bakıda, Naxçıvanda görüşlərimi tez - tez xatırlayıram. Həmin xatirələrdən birini oxuculara təqdim edirəm.
...Naxçıvandakı görüşlərimizdən heç bir il keçməmiş mən Heydər Əliyevin sərt üzünü də gördüm. 1993 - cü ilin ortalarında, ölkədə vəziyyətin daha da gərginləşdiyi bir vaxtda, lap dəqiq desəm, avqustun 14- də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri, Prezident səlahiyyətlərinin icraçısı kimi qəflətən məni yanına çağırdı. Dedim, yəqin vəzifə - zad vermək istəyir, ya da vacib bir iş tapşıracaq. Səhər saat doqquzun yarısı idi, hələ iş vaxtının başlanmasına xeyli qalırdı. Heydər Əliyevin Ali Sovetdəki otağının qapısı açıq idi. Məni görən kimi salamsız - kəlamsız əlindəki "Səhər" qəzetini havaya qaldırıb silkələdi:
- Bu nədir yazmısan?
Söhbətin nədən getdiyini bilmədim. Heydər Əliyev əsəbi halda birinci səhifədə dərc olunmuş kiçik xəbəri göstərdi:
- Yazırsan ki, Heydər Əliyev Vahid Musayevi Azərbaycan Respublikasının müdafiə naziri təyin eləyib. Aləm qarışıb biri - birinə. Hanı, göstər mənim sərəncamımı, mənim imzamı. Axı, belə bir şey olmayıb. Mən səni məsuliyyətli bir adam kimi tanıyıram. Bu nə xəbərdir qəzetdə vermisən?
Yerimdə donub qalmışdım. Heydər Əliyev hirsindən əsirdi. Nə deyəcəyimi bilmirdim. Birdən gözüm stolun üstündəki təzə qəzetlərə sataşdı. İstinad etdiyimiz "Azərbaycan Ordusu" qəzetinin birinci səhifəsində iri hərflərlə yazılmışdı: "Dünən baş nazir Surət Hüseynov yeni müdafiə naziri Vahid Musayevi kollektivə təqdim etmişdir" Qəzetdə Heydər Əliyevin sərəncamı ilə yanaşı təqdimat mərasimi barədə də məlumat verilmişdi. Elə bil gözümə işıq gəldi. Suda boğulan saman çöpündən yapışan kimi, stolun üstündəki "Azərbaycan Ordusu" qəzetini götürüb Heydər Əliyevə göstərdim:
- Heydər müəllim, bu barədə Müdafiə Nazirliyinin rəsmi orqanı yazıb ki...Bu da təzə nazirin şəkli, tərcümeyi - halı...
Heydər Əliyev "Azərbaycan Ordusu" qəzetini əlimdən alıb otağın o biri başına tulladı:
- Kimdi bu qəzeti oxuyan? Sənin qəzetini isə hamı alır. Sən özünə cavabdehsən. Hanı mənim sərəncamım?
Danışmağın, özümə haqq qazandırmağın yeri deyildi. Heydər Əliyev məni xeyli danladıqdan sonra bir az sakit tərzdə Aqşin Babayevə dedi:
- "Azərbaycan Ordusu" qəzetinin redaktorunu çağır, göndər Dövlət katibi Lalə Şövkətin yanına. Qoy araşdırıb görsün nə məsələdir. Televiziya ilə bir - neçə dəfə təkzib versinlər.
Prezident Aparatına mən də getdim. "Azərbaycan Ordusu" qəzetinin redaktoru Üzeyir Cəfərov Dövlət katibi Lalə Şövkətin qəbul otağında gözləyirdi. Görüşdük, Üzeyir də dedi ki, dünən belə bir təqdimat olub. Bir azdan Prezident Aparatı mətbuat xidmətinin rəhbəri Tofiq Abbasov mənə bildirdi ki, siz gedə bilərsiniz. Xəbəri Müdafiə Nazirliyinin rəsmi orqanına istinadən verdiyinizə görə sizdə təqsir yoxdur. Amma, hər halda, növbəti nömrənizdə kiçik bir təkzib versəniz yaxşı olar...
...Heydər Əliyevin əsəbiləşməyi mənə bir dərs oldu. O vaxtdan rəsmi sənədləri oxuculara çatdıranda yalnız dövlət informasiya agentliyinə - AZƏRTACa istinad etməyə başladıq...
 
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist, 90-cı illərin əvvəllərində ölkənin ən populyar nəşrlərindən olan "Səhər" qəzetinin baş redaktoru

Moderator.az

Şərhlər

Çox oxunanlar