Məşhurların övladları: - Rüstəm İbrahimbəyovun rejissor qızı

05.03.2016 22:56     Maraqlı     1865

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 
 
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 
 
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 
 
Budəfəki təqdimatımız məşhur azərbaycanlı yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova haqqındadır.
 
77 yaşını bu yaxınlarda - fevralın 5-də qeyd edən Rüstəm İbrahimbəyov son illər Azərbaycanın siyasət aləminə qoşulmaqla adının siyasi proseslərdə hallanmasına səbəb oldu. Amma o, yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq kimi qazandığı uğurları siyasət meydanında təkrarlaya bilmədi.
 
 
O, nüfuzlu "Oskar" mükafatı laureatı olmaqla yanaşı, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimidir.
 
Azərbaycan Kinematoqrafçılar İttifaqının 77 yaşlı rəhbəri indi həm də müxalifət qüvvələrinin birləşdiyi Milli Şuranın fəxri sədridir. O, 2013-cü ildə Milli Şuranın prezidentliyə vahid namizədi olmuşdu. 
 
Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. O, Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 50-dən çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib.
Hazırda Moskvada yaşayan R.İbrahimbəyov iki dəfə rəsmi nikahda olub. Hər evlilikdən onun bir övladı doğulub – oğlu və qızı...
 
Qeyd edək ki, bəzi vaxtlarda əleyhdarları R.İbrahimbəyova qarşı müxtəlif qadınlarla vətəndaş nikahında olmaq iddiası irəli sürüblər, lakin bu faktlar təsdiq olunmayıb və kinodramaturqun özü də həmin iddiaları rədd edib.
 
Onun birinci həyat oldaşı 1941-ci il təvəlldülü Şöhrət İbrahimbəyovadır. 31 mart 1972-ci ildə bu evlilikdən İbrahimbəyovların oğlu Fuad dünyaya gəlib. Fuad İbrahimbəyov Rusiyada yaşayan ssenarist-rejissordur. “Mən azərbaycanlıyam, həmişə azərbaycalı olmuşam və azərbaycanlı da olaraq qalacam” deyən F.İbrahimbəyov Azərbaycanı çox sevdiyini, ara-sıra Bakıya gəlib-getdiyini gizlətmir. 
 
Rüstəm İbrahimbəyovun ikinci həyat yoladşı Bakıdakı Rus Dram Teatrının aktrisası Lyudmila Duxovnayadan bir qızı doğulub.
 
1974-cü il təvəllüdlü Fatimə İbrahimbəyova Bakıda dünyaya gəlib. O, Bakıdakı 189 saylı orta məktəbdə təhsil alıb. 
 
 
F.İbrahimbəyova Rusiyada Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, bir müddət “Azərbaycanfilm”də işləyib.
 
Fatimə İbrahimbəyova rusiyalı Maksim Polzikovla evlidir. O, həyat yoldaşı və 3 oğlu ilə bir müddət İstanbulda yaşayıb. Özünün deməyinə görə, ərinin işi ilə əlaqədar Türkiyəyə köçməyə məcbur olublar. Daha sonra Rusiyaya qayıdıblar. Maksim Polzikov Moskvada kommersiya ilə məşğul olan şirkətlərdən birinə rəhbərlik edir.
 
Fatimə İbrahimbəyova üç filmə çəkilib: “Cəhd edən adam” (Azərbaycan, 1998), “Etimad telefonu” (Rusiya-Azərbaycan, 2001), “Kabusun gözləriylə” (Azərbaycan-Fransa, 2011). O, həm də bir qısametrajlı filmin müəllifidir. 
 
O, daim Azərbaycana bağlı olduğunu belə ifadə edib:
 
”Bakı, Azərbaycan mənim vətənimdi və onu sevirəm. Mən 18 yaşına qədər Bakıda böyümüşəm. 6-cı sinifə qədər Bülbül adına Musiqi Məktəbdə oxuduqdan sonra, 189 nömrəli məktəbə keçdim və orada məktəbi bitirdim. Sonra isə Xarici Dillər İnstitutunda oxudum…
Hə, mən vətənimi tərk etdim. Lakin bu zərrə qədər xalqıma və vətənimə sevgini azaltmayıb…
Bakıda ən sevdiyim yer mənim böyüdüyüm və hazırda anamın yaşadığı “Monolit” evidir. Abşeronda isə ən sevdiyim yer xoş xatirələrimlə bağlı olan Nardaran qəsəbəsində yerləşən bağımız-mülkümüzdür”. 
 
Fatimə İbrahimbəyova atası haqqında böyük sevgiylə danışır:
 
“Atam həmişə mənim üçün kumir olub. O, məni aktyorluğa deyil, rejissorluq fakültəsinə daxil olmağa inandırdı. Hazirda onun sayəsində bir deyil, iki sənətim var”.
 
 
Onun anası haqqında fikirləri də maraqlıdır: “Mənim anam da mənim kimidir. Hesab edirəm ki, anam gözəl görünür. Onlar həmişə cavandırlar. Anam uşaq kimidir. Mən onu zarafatca “qızım” deyə çağırıram. Bir dəfə yanına gedəndə gördüm ki, onun yanına Rus Dram Teatrının gənc artistləri qonaq gəlib. Onlar anamla öz həmyaşıdları kimi danışırdılar. Söylədim ki, “ana, niyə səninlə belə danışmalarına icazə verirsən?. Hər halda xalq artistisən. Onlar sənə böyük hörmətlə yanaşmalı və danışmalıdırlar”. O isə cavab verdi ki, “bunlar hamısı boş şeydir”.
 

Şərhlər

Çox oxunanlar