Fərqli düşüncə üçün 8 üsul
17.03.2016 13:51 Maraqlı 2969
Artıq vərdiş edilmiş düşüncə metodları hər zaman standart həll yollarına gətirib çıxarır. Orijinal bir ideyanın beynimizdə formalaşması üçün bu problemi bizə qədər artıq həll etmiş insanlardan fərqli olaraq bu məsələyə başqa aspektdən yanaşmalı oluruq. Fərqli düşünmək ingiliscə çox maraqlı bir ifadə ilə izah edilir – to think out of the box, yəni hərfi mənada qutudan bayırda düşünmək. Məqaləmizdə məhz belə, öz “qutunuzdan” kənarda düşünmək və orijinal ideyalara sahib olmaq üçün 8 üsulu sizə təqdim edirik.
İnkişaf etdirən oyunlar oynayın
Bəli, səhv anlamadınız, uşaqlar üçün inkişaf etdirən oyunlar nəzərdə tutulur. Uşaqların düşüncə qabiliyyətini inkişaf etdirməyə yönəlmiş bu oyunlar böyüklər üçün də uyğundur. Belə oyunların çox geniş çeşidləri var. Bunlara elektron konstruktorları, stolüstü kart oyunlarını və ya smartfon və planşetlər üçün oyunları misal gətirmək olar. Bu oyunları oynamaqla siz nəinki qeyri-standart düşüncə qabiliyyətinizi inkişaf etdirəcək, eyni zamanda dostlarınızla və ya uşaqlarla da gözəl vaxt keçirəcəksiniz.
İnsanlarla ünsiyyətdə olun
Məlumat mənbələrinin həddindən artıq çox olmalarına baxmayaraq, siz digər insanlardan da yeni ideyalar əldə edə bilərsiniz. Başqasının unikal təcrübəsi ilə tanış olarkən biz dünya haqqında (və ya konkret bir problem barədə) təsəvvürlərimizi kifayət qədər genişləndirmiş oluruq. Yalnız elm sahəsində uğur qazanmış və ya maliyyə quruları ilə söhbət etmək lazım deyil. Gia Qaneş adlı karyera məsləhətçisi qranit konstruksiyaları üzrə mütəcəssis ilə söhbətini nümunə gətirir. Məlum olub ki, o mütəxəssis əslən Kubadandır. ABŞ-a necə gəldiyi və bu işə necə sahib olduu barədə söhbət açdlqdan sonra Gia miqrasiya və peşə seçimi barədə maraqlı ideyalar fikirləşməyə başlayır. Beləliklə, bu söhbət nəticəsində tədqiqat üçün yeni sahələr meydana gəlir.
Yeni təcrübə qazanın
Fərqli düşünmə üçün fərqli yaşamaq lazımdır. Ənənəvi davranış nümunələrindən əl çəkin, artıq formalaşmış qaydaları və stereotipləri dağıdın. Yeni yeməklər hazırlayın, evdən işə qədər olan marşrutu dəyişin və daha çox ətrafa nəzər salın. Tərzinizə uyğun olmayan paltar geyinin, saç düzülüşünü dəyişin. Yeni bir şeylər öyrənməyin ən gözəl yolu səyahət etməkdir. Müxtəlif ölkələr, mədəniyyətlər, qeyri-adi əhatə dairəsi, bütün bunlar düşünmək üçün əla stimul verir. Bu səyahətlər zamanı yeni insanlarla tanış olsanız, bu təcrübənizə xüsusi effekt qatacaq.
Qeyri-adi ideyaları öyrənin
Bizim əsrdə məlumat qıtlığı problemi yoxdur. Əksinə, ətrafda həddən ziyadə çox məlumat var. Lakin heç də onların hamısına diqqət və enerji sərf etməyə dəyməz. Əslində dəyərli ideyaları axtarmaq lazım gəlir, lakin bunu indi etmək 50-100 il bundan öncə etməkdən qat-qat asandır. Daha çox kitab oxuyun! Müxətlif kitablar, internetdə və jurnallarda məqalələr oxuyun. Hər yerdə yeni ideyalar, baxışlar və qeyri-ənənəvi yanaşmaları axtarın.
Fərqli düşüncə yaxşıdır lakin kifayət deyil. Öz orijinal ideyalarınızı ifadə və müdafiə etməyi də bacarmaq lazımdır. Ümumi qəbul edilmiş fikirlərdən fərqli baxışa malik olmaq heç də asan deyil. Cəmiyyətin təzyiqi çox zaman o qədər güclü olur ki individual insanlara toplu nəzər nöqtəsini təlqin edə bilir. Aşağıda öz şəxsi fikirlərinizə malik olaraq onları müdafiə etməyin bir neçə üsulunu sizinlə paylaşmaq istərdik.
Yalnız faktlara əsaslanın
Bu ilk baxışdan elementar görünən prinsip tez-tez pozulur. Emosiyalar, əsassız ehtimallar, ümidlər, gümanlar, şayiələr…Bütün bunlar işə yaramaz. Sadə suallardan başlayın: “Bunun doğru olduğunu mən haradan bilirəm?”, ”Mənim fikrimin doğruluğunu hansı faktlar əsaslandırır?”. Əgər faktlar çatışmırsa, o zaman onları axtarmaq lazım gələcək.
Öz fikrinizi yazılı şəkildə bildirin
Təsəvvür edin ki siz kimisə inandırmalısınız və bunu etmək üçün məktub yazmalısınız. Yazılı şəkildə siz öz fikirlərinizi daha dəqiq ifadə edə bilərsiniz, bu eyni zamanda sizi məntiqi ardıcıllığı və nəticələri doğru şəkildə göstərməyə vadar edəcək. Sxemlər və şəkillər sizin ideyalarınızı daha aydın və əyani edəcək.
Əgər sizin qarşınızda ictimaiyyət qarşısında çıxış etmək və ös fikirlərinizi müdafiə etmək durursa, bu şəkildə hazırlaşmaq sizə çox kömək edəcəkdir.
Müzakirə edin
Qrup halında müzakirə – həm sizin ideyalarınızın əsaslılığının yoxlanılması, eyni zamanda köhnə problemlər üçün yeni həll yolları tapmaq imkanıdır. Xüsusi təşkil edilmiş müzakirələr ən çox xeyir gətirir. Müzakirə mövzusu istənilən ola bilər: siyasətdən futboladək. Qrupu iki komandaya ayırın və qoyun onlar müxtəlif nəzər nöqtələrini müdafiə etsinlər. Hər iştirakçıya ayrılan vaxtı isə məhdudlaşdırın – bu şəxsi arqumentləri daha dəqiq və lakonik olaraq izah etməyə kömək edəcək.
Obyektiv olun
Bu məsləhət asan verilib çətin yerinə yetirilənlər siyahısındandır. Bizim hər birimiz öz fikrimizi yeganə doğru olmasa da səhv olmadığını hesab edirik. Lakin hələ qədim atalar demişlər ki insana səhv etmək xasdır. Biz bu dünyaya öz təcrübəmiz prizmasından baxırıq və çox zaman görmək istədiyimizi görürük. Öz şəxsi fikirlərimizi formalaşdıran zaman qərəzli seçimdən azad olaraq əldə olunan məlumatı dəyərləndirməliyik. Həqiqətənmi biz bütün mövcud faktları nəzərə almışıq? Bəzi faktları öz ümidlərimizə görə şişirtməmişikmi? Fərqli nəzər nöqtələri mövcuddurmu? Bu və digər bu qəbildən olan suallar sizə daha obyektiv olaraq digərlərinin və hətta öz şəxsi mənfi rəylərinizdən asılı olmamağa kömək edəcəkdir.
(Maraqli.info)
Şərhlər